İftar menyusunda bahalaşma- QİYMƏTLƏR (FOTO-FAKT)
Ramazan ayının başlaması ilə bağlı bir çox restoranlar özəl menyular hazırlayıb, ənənəvi təamlar daha zəngin təqdimatla təklif olunur. Artıq ailəvi və kollektiv iftar planlayanlar rezervasiyalar edir. Restoran sahibləri bildirirlər ki, ötən illə müqayisədə qiymətlər təxminən 10 faiz artıb.
İftar menyuları restoranın səviyyəsinə və təqdim olunan çeşidə görə 18 manatdan başlayaraq 80–90 manata qədər dəyişir. Bəzi restoranlar Ramazana özəl kampaniyalar tətbiq edir: 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.
Paytaxt restoranlarında 1 nəfərlik iftar qiymətləri belədir: “Hellim” – 45 AZN, “Günaydın” – 90 AZN, “Ocakbaşı Mangal” – 65 AZN, “Narşərab” – 40 AZN, “Sahil Restoran” – 30 AZN, “Araz Terrace” – 25 AZN, “Retro Şam” – 25 AZN, “Khan Baku” – 20 AZN, “Bababudan” – 18 AZN, “Badam d’Art” – 50 AZN, “Emirgan Sütiş” – 22.90 AZN, “Societe” – 50/70 AZN (2 nəfər), “The Gallery” – 25/30/35 AZN, “Düşbərə Evi” – 20/25/30 AZN, “Kurbansaid” – 25 AZN, “Miracle” – 21 AZN (2 nəfər), “Quzu Təndir” – 35 AZN, “Ağabala” restoranı – 85 AZN, “Qarden” – 22 AZN.
Bəzi restoranlarda imsaq süfrələri də təşkil olunur. Məsələn, “Anadolu” restoranında iftar menyusu 20 manat, imsaq süfrəsi isə 11 manatdır.
Bu gün hələ Ramazan ayının ilk günüdür. Gözlənilir ki, müqəddəs ay ərzində restoranlarda doluluq səviyyəsi yüksək olacaq.

Qiymətlərin bu qədər yüksək olmasının səbəbi ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova Musavat.com-a deyib ki, xüsusi günlərdə və bayramlarda restoran menyularının baha olmasının əsas səbəbi restoranların yürütdüyü yanlış qiymət siyasətidir: “Ramazanda çox istifadə olunan məhsulların topdansatış qiymətlərinin artması kimi iqtisadi və mövsümi amillərin rolu, əlbəttə ki, az deyil. Ancaq əsas səbəb restoran sahiblərinin daha çox gəlir əldə etmək arzusu ilə bağlıdır. Məlumdur ki, Ramazan ayında insanlar iftarı çox vaxt evdən kənarda, ailə və ya kollektivlə açmaq istəyir. Belə olan halda təbii olaraq tələb partlayışı yaşanır, buna ‘demand spike’ deyirik. Çox insan eyni vaxtda restorana gəlir, məhdud masa sayı və yüksək tələb qiymətləri istənildiyi qədər artırmaq fürsəti yaradır. Fürsətlilik isə məhz qısa müddətdə yüksək tələb yaşanan yerlərdə yaranır.
Həmçinin, müştərilər “xüsusi gündür, xərcləmək olar” düşüncəsində olduğundan və restoranlar bunu bildiyi üçün qiymət həssaslığının azaldığını hesablayırlar. Qiymətlərin necə formalaşdığı çox vaxt şəffaf olmur. Standart və ya tavan qiymət mexanizmini görə bilmirik. Restoran səviyyəsində şəffaf menyu və qiymət siyasəti aparılmalıdır. Ən önəmlisi, ictimai iaşə obyektləri sabit marja qaydasına riayət etməlidir. Sabit marja prinsipi satış qiymətini müəyyən edərkən mənfəət faizinin sabit saxlanılmasıdır. Yəni, maya dəyəri artsa və ya azalsa da, üzərinə qoyulan qazanc faizi dəyişdirilməməlidir. Eləcə də, dövlət tənzimləməsi önəmlidir. Açıq qiymət göstərilməsini tələb etmək, aldadıcı kampaniyalara nəzarət etmək və istehlakçı şikayət mexanizmlərinin işlək olması vacibdir. Qiymət artımını tam dayandırmaq çətin olsa da, müxtəlif kampaniyalarla, sosial iftar təşəbbüsləri və israfın azaldılması ilə qiymətlər balanslaşdıra bilər”.
İqtisadçının sözlərinə görə, Türkiyədə Ramazan paketləri çox yayğındır. Ayrıca, bələdiyyələr və vəqflər pulsuz və ya ucuz iftarlar təşkil edirlər: “Orta səviyyəli restoranlarda iftar menyuları geniş qiymət diapazonundadır, həm dar büdcəli, həm də premium seçimlər mövcuddur. Birləşmiş Ərəb Əmirliklərində məscidlər və xeyriyyə təşkilatları minlərlə pulsuz iftarlar təşkil edirlər. Hotellər arasında güclü rəqabət kampaniyaları aparılır. Səudiyyə Ərəbistanı və Misirdə sosial iftar mədəniyyəti daha güclüdür, iftarın böyük hissəsi xeyriyyə əsaslıdır. Bu səbəbdən restoranlar bahalaşsa da, küçə və icma iftarları alternativ yaradır”.
Afaq Mirayiq,
Musavat.com






