YAP Bərdə rayon təşkilatında dünya və respublika üzrə medalçı gənclərlə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya rayon məktəblilərinin fənn olimpiadalarında dünya və respublika üzrə medalçı gənclərini və onların təhsil aldıqları məktəblərin rəhbərlərini birlikdə qəbul edib, onları qazandıqları uğurlara görə təbrik edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin aydın ideyalarının Müzəffər Liderimiz cənab İlham Əliyev tərəfindən dönmədən uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan regionun qüdrətli və dünyanın hesablasdığı ölkələrdən birinə çevrilib. Ulu öndərin dediyi kimi, dövlətimizin gələcəyi bugünkü gənclərin əlindədir. Azərbaycan gənclərinin bütün sferalarda qazandıqları uğurlar, qələbələr dövlətimizin gələcəyinin parlaq olacağını göstərir.
Görüşdə fizika fənni üzrə respublika fənn olimpiadasının qızıl medalçısı, Soçidə keçirilən dünya çempionatının bürünc medalçısı akademik Z. Əliyeva adına məktəb liseyin onuncu sinif şagirdi Hidayət Quliyev, İngilis dili fənni üzrə “KİNGS” Olimpiadasının qızıl medalçısı, şəhər 2 saylı beynəlmiləl tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Kamilə Camallı, SAF Beynəlxalq Festivalın STEAM üzrə gümüş medalçısı, şəhər 2 saylı beynəlmiləl tam orta məktəbin IX sinif şagirdi Sadiq Məhərrəmli qazandıqları uğurların sevincini bölüşüblər.
Məktəb rəhbərlərindən Teymur Mustafayev və Nərgiz Əhmədova ölkəmizdə təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün təhsil işçiləri adından minnətdarlıqlarını bildiriblər.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya medalçı gənclərə uğurlar arzulayıb və onlara təşkilat adından hədiyyələr təqdim edib.







