Kommunal güzəştlər edilə bilər
Azərbaycanda bir sıra sosial kateqoriyalara kommunal ödənişlər və ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı güzəştlər tətbiq olunur və bu mexanizm mövcud qanunvericiliklə tənzimlənir. Bəs gələcəkdə aztəminatlı və çoxuşaqlı ailələr kimi yeni qrupların da bu siyahıya daxil edilməsi mümkündürmü? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda kommunal ödənişlər və ictimai nəqliyyatda güzəşt tətbiq olunan kateqoriyaların genişləndirilməsi hüquqi baxımdan mümkündür və bu, birbaşa dövlətin sosial siyasətindən asılıdır.
“Hazırda güzəştlər əsasən konkret sosial statusa malik şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə və digər həssas qruplara şamil edilir və bu mexanizm qanunvericiliklə müəyyən olunub. Yeni kateqoriyaların, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrin siyahıya əlavə olunması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi və ya yeni normativ qərarların qəbul olunması tələb olunur”.
İqtisadi tərəfə toxunan A.İbrahimov vurğulayıb ki, belə addımlar prinsip etibarilə mümkündür, lakin əsas amil dövlət büdcəsinin imkanlarıdır:
“Əgər dövlət sosial müdafiə tədbirlərinin genişləndirilməsini prioritet hesab edərsə, xüsusilə aztəminatlı ailələr üçün kommunal subsidiyalar və nəqliyyat güzəştlərinin tətbiqi real və effektiv sosial dəstək mexanizminə çevrilər. Bu cür qərarlar bir tərəfdən həssas əhali qruplarının xərclərinin azalmasına, digər tərəfdən isə sosial bərabərliyin güclənməsinə xidmət edir”.
Onun fikrincə, son illər yaşayış xərclərinin artdığı şəraitdə əlavə sosial güzəştlərin tətbiqi sosial sabitliyin qorunması baxımından da mühüm rol oynaya bilər.

