Cəmiyyət 

Övladı olmayan şəxsin ölüm haqqında şəhadətnaməsini kim ala bilər? – Qanun belə deyir…

Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, övladı olmayan bir qadının vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini yaxın qohumları əldə edə bilmir. Səbəb isə sənədin kimə verilməli olması ilə bağlı aidiyyəti qurumda yaranmış qeyri-müəyyənlikdir. Nəticədə əmlak məsələlərinin həlli, bank hesablarının bağlanması və digər hüquqi prosedurlar faktiki olaraq dalana dirənib.

Mövzu ilə bağlı qüvvədə olan qanunvericilik təhlil edildikdə isə məlum olur ki, bu sahədə hüquqi mexanizm kifayət qədər konkret və birmənalıdır. Mövcud qanunvericiliyə əsasən, ölümün dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və şəhadətnamə mərhumun yaxın qohumlarına və ya qanuni nümayəndəsinə təqdim edilir. Ölüm haqqında şəhadətnamə mərhumun həyat yoldaşına, valideynlərinə, övladlarına, digər yaxın qohumlarına (qardaş, bacı, baba, nənə, nəvə və s.), qanuni nümayəndəsinə və ya faktiki olaraq dəfn işlərini təşkil edən şəxsə təqdim dilə bilər.

Yəni burada əsas meyar yalnız birbaşa varislik hüququ deyil. Əgər mərhumun övladı yoxdursa, bu hal ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi məhdudiyyət hesab olunmur və sənədin təqdim edilməsinə maneə yarada bilməz.

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a deyib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 8.14-cü bəndində açıq şəkildə göstərilir ki, ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə müraciət etmiş yaxın qohumlara təqdim edilir:

“Yaxın qohum anlayışı isə Azərbaycan Respublikasının Ailə Məcəlləsi-nin 12-ci maddəsinə uyğun olaraq valideynlər, uşaqlar, baba, nənə, nəvələr, doğma və ögey bacı-qardaşları əhatə edir”.

Hüquqşünas qeyd edir ki, şəxs ölənin qanuni nümayəndəsi statusunu təsdiq edən sənədi vaxtında əldə edə bilməyibsə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək hüququ da mövcuddur.

Bəs praktikada niyə problem yaranır?

Ekspertlərin sözlərinə görə, əksər hallarda yerli qeydiyyat orqanları ölüm haqqında şəhadətnamənin təqdim olunması məsələsini miras hüququ ilə eyniləşdirir. Halbuki, ölüm haqqında şəhadətnamənin verilməsi miras hüququnun tanınması demək deyil – bu sənəd yalnız ölüm faktının dövlət tərəfindən rəsmi təsdiqidir.

Miras hüququnun müəyyən olunması isə tamam ayrı prosedurdur və notariat qaydasında həyata keçirilir.

Əgər yaxın qohuma ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilərsə, ilk növbədə VVAQ orqanından yazılı imtina tələb olunmalıdır, həmin imtina inzibati qaydada yuxarı instansiyaya şikayət edilə bilər, nəticə əldə olunmadığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququ var.

Qanunvericiliyin tələblərinə əsasən, övladın olmaması ölüm faktının dövlət qeydiyyatı və ölüm haqqında şəhadətnamənin təqdim olunması üçün hüquqi maneə yaratmır. Bu baxımdan müraciət edən şəxsin mərhumla qohumluq əlaqəsinin mövcudluğu və ya dəfn prosesində faktiki iştirakı kifayət edir.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər