Cəmiyyət 

Bəxtiyar və Əlinin qəbir daşı 38 ildən sonra niyə bərpa olunmur?FOTO

“Qardaşımın qəbir daşlarını ötən il tapdıq. Bu gün Ağdama gəlmişəm və onun məzarını ziyarət edirəm”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib.

O bildirib ki, qəbir daşlarının tapılmasından bir il keçməsinə baxmayaraq, Bəxtiyar Quliyevin məzarı hələ də bərpa olunmayıb:

“Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri ötən il anım günündə vəd etmişdilər ki, qəbir daşları bu il bərpa olunacaq, təmir işləri aparılacaq. Lakin üzərindən bir il keçməsinə baxmayaraq, heç bir iş görülməyib. Bu gün məzarı ziyarət edərkən gördüm ki, dəyişən heç nə yoxdur. Ermənilər qardaşımın qəbir daşını dağıtmışdılar. Daşın hissələrini müxtəlif yerlərdən taparaq birləşdirmişik. Hazırda da dağılmış vəziyyətdə qalıb.

Əli Hacıyevin qardaşı Arif Hacıyev də yaxın günlərdə bununla bağlı müraciət edəcək. Biz istəmirik ki, qardaşımın məzarı bundan sonra da dağılıb yox olsun. Onsuz da biz illərlə bu günü gözləmişik. Atamın məzarı da qardaşımın məzarının yanında idi. Bunlara niyə kiçik bir büdcə ayrılmır?

Biz Bəxtiyarın qəbir daşlarını təsadüfən tapmışıq. Ağdamdan bir nəfər sosial şəbəkədə ağdamlıların qrupunda video paylaşmışdı ki, Bəxtiyarın məzarını tapıb. Bu xəbəri eşidən kimi ora getdik və gördük ki, qəbir tam aşkar olunmayıb, sadəcə qəbir daşları üst-üstə yığılıb. Qəbrin yeri isə hələ də tam müəyyən edilməyib.

Əli Hacıyevin qəbrinin baş və sinə daşını da ermənilər dağıdıblar. Lakin onun qəbrini tam məhv edə bilməyiblər, olduğu kimi qalıb”.

Nailə Quliyeva qeyd edib ki, ailə mart ayının sonunda Ağdama köçəcək:

“Sənədlərimizi təqdim etmişik. Növbəti köçlərdən birində biz də Ağdama gedəcəyik”.

Qeyd edək ki, Əli Hacıyev və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olmasından 38 il ötür.

məzar 1.jpg (499 KB)

məzar 3.jpg (831 KB)

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər