Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhidin məzarının son halı – FOTOLAR
Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərin anım günüdür.
Musavat.com xəbər verir ki, Əli Hacıyev və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olmasından 38 il ötür.
1988-ci ildə sovet imperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi. 1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər. Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşmazlığa son qoymaq idi. Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid oldu. Bu gün o hadisədən bizi 38 il ayırır.
Əli Hacıyevin dağılmış məzarı 2024-cü ildə tapılıb. Qardaşı Arif Hacıyev bildirib ki, qəbrin aşkar edilməsi ailənin yarasına məlhəm olub:
“Ağdam işğaldan azad olunandan sonra 4-5 dəfə qardaşımın dəfn olunduğu Qarağacı qəbiristanlığına gedib məzarı axtardım, ancaq tapa bilmədim. 2024-cü ilin martın 31-də minalı ərazilər olmasına baxmayaraq, risk edib yenidən axtarmağa başladım. Qəbiristanlıqda yerdə qırılmış başdaşı gördüm. Ona yaxınlaşanda üstündəki yazıdan qardaşımın məzarının olduğunu anladım. Həmin an keçirdiyim hissi sözlə ifadə edə bilmərəm. Onun qəbrinin tapılması həyatda yeganə arzum idi. Buna görə də həyatımı riskə atmışdım.
Ailədə 6 uşaq olmuşuq. Əli bizim sonbeşiyimiz idi. Onun ölümü onsuz da ürəyimizdə yaraya çevrilmişdi. Məzarına həsrət qalmağımız isə lap çətin idi. Anam Əli deyə-deyə rəhmətə getdi. Atamın yuxularına girirdi. Hətta ölümündən bir gün öncə yuxusuna gəlmişdi. Məzarı tapılanda bacılarımın ağlaması, çığırtı səsləri qulağımdan getmir. Sonradan yenidən onun məzarını ziyarət etdim, üzərinə bayraq sancdım, dağılmış yerlərini bərpa etdim. Elə bil ki, yanan ocağın üzərinə su səpildi”.
Bəxtiyar Quliyev isə Ağdamın Muğanlı qəbiristanlığında dəfn edilmişdi. Onun məzarı ötən il tapılıb.




Şahanə Rəhimli
Musavat.com

