İbtidai təhsil yalnız Azərbaycan dilində olmalı, yoxsa?..
“Hər bir uşaq ibtidai təhsilini Azərbaycan dilində alsın”.
Bu sözləri ötən gün millət vəkili Hikmət Babaoğlu parlamentin iclasında çıxış edərkən deyib.
Millət vəkili qeyd edib ki, hansı dildə təhsil almasından, istər rus, istər ingilis məktəblərində təhsil alan hər kəsin ibtidai təhsili mütləq qaydada Azərbaycan dilində aparılmalıdır.
“Hesab edirəm ki, bu, dilin qorunması üçün də vacib addımdır”, deyə Hikmət Babaoğlu vurğulayıb.
Bəs ölkənin bütün təhsil ocaqlarında ibtidai təhsilin Azərbaycan dilində tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.
Mütəxəssis millət vəkilinin bu təklifinin doğru yanaşma olmadığını deyib:
“İlk növbədə qeyd edim ki, biz ibtidai təhsil pilləsində bütün vətəndaşlarımız üçün tədrisi Azərbaycan dilində təşviq etməliyik. Və bütün vətəndaşları da dəvət edirik ki, hər biri mütləq Azərbaycan dilində təhsil alsın, Azərbaycan bölməsində oxusun. Bu, bizim əsas istəyimizdir.
Lakin burada ibtidai təhsili Azərbaycan dilində alıb, sonra yuxarı təhsil pilləsində şəxsin ixtiyarına buraxmaq – ingilis dili və ya digər dillər üzrə təhsil almaq imkanı vermək birbaşa uşaq üçün problemlər yaradır. Bu, onun təhsil göstəricilərinə, akademik nəticələrinə ciddi mənada təsir göstərir”.
Elçin Əfəndinin fikrincə, belə bir qərar vermək vətəndaşın təhsil hüququna birbaşa müdaxilə etmək deməkdir:
“Ona görə də düşünürəm ki, biz bu məsələdə Azərbaycan dilini hər bir vətəndaş olaraq qorumalıyıq. Bu, bizim borcumuzdur; təkcə dili qorumaq deyil, onu gələcək nəsillərə ötürmək də vacibdir.Amma konkret olaraq, ibtidai təhsil Azərbaycan dilində olsa da, 6-cı sinifdən sonra vətəndaşlara hansı dildə bölmələri seçmək imkanını vermək yanlışdır. Biz çalışmalıyıq ki, bütün ölkə vətəndaşları Azərbaycan dilinə hörmət edərək, Azərbaycan dilində təhsil alsınlar. İstisna hal kimi, kimsə digər bölmədə təhsil almaq istəyirsə, burada həmin vətəndaşın təhsil hüququnu tanımalıyıq. Yəni əgər şəxs ingilis bölməsində təhsil almaq istəyirsə, o, başlanğıcdan ingilis dilində təhsil almalıdır.Təsəvvür edin: uşaq ibtidai təhsildə bütün dərsləri Azərbaycan dilində öyrənir və 5-ci sinifdə birdən-birə ingilis dili tədrisinə keçir. Əgər o uşaq ingilis dili ilə bağlı hələ heç bir bilik əldə etməyibsə, 5-ci sinifdə həm Azərbaycan tarixini, riyaziyyatı, həm də digər fənləri ingilis dilində öyrənməyə başlayacaq. Bu uşaq üçün yüksək keyfiyyətli təhsil mümkün olmayacaq. Arzulanan təhsil modeli belə bir yanaşmada reallaşa bilməz. Ona görə düşünürəm ki, bu fikrin səsləndirilməsi düzgün deyil”.
Ekspert dedi ki, əsas məqsəd Azərbaycan dilinin bütün təhsil müəssisələrində- fərqi yoxdur, bu ingilis dili və ya rus dili bölməsi olsun – üstünlük verilsin:
“Əgər kimsə fərqli bölmədə təhsil almaqda maraqlıdırsa, həmin vətəndaşa Azərbaycan dili dərs saatı mütləq artırılmalıdır. Yəni vətəndaş hansı bölmədə təhsil alırsa, Azərbaycan dili ilə təmin olunmalıdır. Məsələn, həftəlik 2 saatdırsa, 4 saat; 3 saatdırsa, 6 saat olmalıdır. Bu yolla şəxs mütləq Azərbaycan dilində də təhsil alaraq ana dilini unutmamalıdır. Bu məsələdə yeganə yol budur. Bir məqamı da qeyd etmək istərdim: yalnız bu halda tətbiq etmək olar ki, şagirdlər 4-cü sinifdən 5-ci sinfə keçərkən artıq qərar verirlər ki, fərqli bölmədə təhsil alacaqlar. Bunun üçün ən azı bir il ərzində tədris alacaqları dil üzrə müvafiq fənlərdən biliklər əldə etməlidirlər. Yəni onlar ən azı bir il ingilis və ya rus dilində – və ya digər dildə – riyaziyyat, ədəbiyyat, tarix, fizika, kimya və digər fənləri öyrənməlidirlər ki, prosesə uyğunlaşa bilsinlər. Əks halda, ibtidai təhsil Azərbaycan dilində, 5-ci sinifdə isə xarici dildə təhsilə başlamaq düzgün yanaşma olmayacaq”.
Xalidə Gəray
Musavat.com

