Gündəm 

2026-da Azərbaycanı GÖRÜN nə gözləyir… – İlginc HESABAT

Qlobal maliyyə bazarları, risklərin qiymətləndirilməsi və makroiqtisadi proqnozlar üzrə ixtisaslaşmış aparıcı beynəlxalq analitik agentlik olan “Fitch Solutions” Zəngəzur dəhlizi ilə bağlı hesabat-proqnoz yayıb.

Musavat.com-un xəbərinə görə, agentlik qeyd edir ki, ABŞ tərəfindən təşəbbüs edilən TRIPP dəhlizi investorların diqqətini cəlb edib.

Qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilkin icra mərhələsinə qədəm qoyub, eləcə də ABŞ-ın regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı artırıb. “Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər”, – proqnozda vurğulanır. Hesabatda həmçinin deyilir ki, layihənin əsas hissəsi ABŞ-a məxsus qurumlar tərəfindən idarə olunacaq, pullu tranzit zonasının inkişafı üçün isə birgə müəssisə yaradılacaq: “ABŞ rəsmiləri bildiriblər ki, paralel layihələrə milyardlarla dollar investisiya cəlb edilə bilər”.

Zəngəzur dəhlizi 2026-da açılır, ABŞ maliyyəni səfərbər edir - ŞƏRH

“Fitch Solutions” hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahələrində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi kimi rolunu gücləndirəcək: “Bu fonda ABŞ ilə iqtisadi və strateji əməkdaşlığın 2026-cı ildə daha da dərinləşməsi gözlənilir”. Təşkilatın məlumatına görə, regionda artan investisiya fəaliyyəti həm iqtisadi dinamikanın, həm də geosiyasi tarazlığın yenidən formatlaşmasına töhfə verə bilər. Hesabata görə, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətli alternativinə çevrilir.

Deputat Elşad Musayev Musavat.com-a qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan bu yeni layihə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməklə yanaşı, Orta Dəhlizin mühüm seqmentinə çevrilmək potensialına malikdir. Onun sözlərinə görə, TRIPP enerji, rəqəmsal infrastruktur və regional inteqrasiyanı irəli aparacaq çoxşaxəli strateji platformadır: “Ümumiyyətlə, TRIPP marşrutu Orta Dəhlizin logistikasına çeviklik gətirir. Əlavə yol seqmenti yüklərin alternativ istiqamət üzrə daşınmasına imkan yaradır, bu isə həm tranzit vaxtını qısaldır, həm də marşrutun dayanıqlığını gücləndirir. Yəni qlobal təchizat zəncirlərində etibarlılıq və sabitlik amili əsas meyar hesab olunduğundan, TRIPP-in açılması Orta Dəhlizin beynəlxalq reytinqini yüksəldir və onu digər tranzit alternativləri, o cümlədən, Rusiya üzərindən keçən Şimal marşrutu ilə rəqabətdə üstün mövqeyə çıxarır”.

Ötən il Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 86% artıb

Politoloq Züriyə Qarayeva isə vurğulayıb ki, TRIPP marşrutu həm də geoiqtisadi mənada yeni mərhələni ifadə edir: “Onun maliyyə və iqtisadi ölçüləri bir neçə paralel istiqamətdə nəzərdən keçirilə bilər. Əvvəla, yükdaşımaların həcminin artması nəticəsində tranzit gəlirləri həm Azərbaycanın, həm də region dövlətlərinin büdcəsinə əlavə dividendlər gətirəcək.

Əgər indiyə qədər Orta Dəhlizin rəqabət qabiliyyətini əsasən Şimal və Cənub marşrutları ilə müqayisə etmək lazım gəlirdisə, TRIPP-in əlavə olunması həmin müqayisədə üstünlükləri açıq şəkildə artırır. Çünki əlavə yol şəbəkəsi logistik riskləri minimuma endirir, daşınma müddətini qısaldır və tranzit ölkələrin büdcə sabitliyinə töhfə verir”.

Ekspert əlavə edib ki, layihənin digər mühüm tərəfi isə qaz və neft nəqli üçün alternativ kanal funksiyasıdır.

Emil Salamoğlu
Musavat.com

Daha çox xəbərlər