Pensiya sistemində açıq qalan suallar: özəl fondlar niyə yaradılmır? – İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müzakirələr illərdir davam etsə də, özəl pensiya fondlarının yaradılması və vətəndaşların pensiyalarını istədikləri bank vasitəsilə əldə etməsi məsələsi hələ də açıq qalır. Mövcud sistemdə pensiya ödənişlərinin müəyyən banklar üzərindən həyata keçirilməsi seçim azadlığını məhdudlaşdırır və bu da vətəndaş məmnuniyyəti ilə bağlı suallar doğurur. Eyni zamanda, özəl pensiya fondlarının formalaşdırılması həm sosial təminat sisteminin şaxələndirilməsi, həm də vətəndaşların gələcək maliyyə təhlükəsizliyinin artırılması baxımından vacib hesab olunur.
Buna baxmayaraq, bu istiqamətdə konkret mexanizmlərin olmaması və hüquqi bazanın yetərincə formalaşmaması prosesin ləngiməsinə səbəb olur. Mövcud vəziyyət isə belə bir sualı aktuallaşdırır: pensiya sistemində islahatlar nə zaman real nəticə verəcək və vətəndaşlar öz vəsaitləri üzərində daha geniş seçim hüququ əldə edə biləcəklər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, özəl pensiya fondlarının Azərbaycanda gecikməsinin əsas səbəbi bir neçə sistemli amillə bağlıdır. Ən vacib məsələlərdən biri kapital bazarlarının kifayət qədər inkişaf etməməsidir. Onun sözlərinə görə, özəl pensiya fondları uzunmüddətli investisiya alətləri ilə işləyir, amma belə bazarlar zəif olduqda və investisiya imkanları məhdud qalanda bu sistemin dayanıqlı işləməsi çətinləşir: “Eyni zaman özəl pensiya fondlarının yaradılması üçün ölkədə dinamik əmək bazarı formalaşmalı, qeyri-rəsmi məşğulluq minimum səviyyəyə etməlidir.
Digər mühüm amil idarəetmə və nəzarət sisteminə olan etimaddır. Pensiya fondları böyük vəsaitləri idarə edir və burada şəffaflıq, risklərin idarə olunması və dövlət nəzarəti çox yüksək səviyyədə olmalıdır. Bir çox ölkədə bu sistem illərlə formalaşıb, Azərbaycanda isə əsasən dövlət pensiya modeli daha dominant olduğu üçün keçid prosesi yavaş gedib.
Həmçinin iqtisadi risklər də rol oynayır. Valyuta sabitliyi, inflyasiya və uzunmüddətli investisiya mühiti tam stabil olmadıqda özəl pensiya fondlarının vəsaiti təhlükəyə düşə bilər.
Buna görə də dövlət mərhələli yanaşmaya üstünlük verir.
2006-cı ildən nəzərdə tutulan islahatlarda bu model planlaşdırılsa da, praktik tətbiq üçün həm hüquqi baza, həm də maliyyə infrastrukturu tam hazır olmayıb. Bu səbəbdən proses təxirə düşüb və daha çox dövlət sosial sığorta sistemi üzərində dayanılıb.
Hazırda parlament səviyyəsində bu istiqamətdə yenidən müzakirələrin getməsi barədə məlumatlar var və məqsəd daha çox qarışıq modelə keçid, yəni dövlət və özəl pensiya sistemlərinin paralel işləməsidir. Amma belə islahatların tam tətbiqi adətən mərhələli olur və həm bazarın, həm də qanunvericiliyin tam uyğunlaşdırılmasını tələb edir”.
Müəllif: İlkin Məmmədkərimov

