Sel gəlir, zərər qalır: vətəndaşlar niyə sığortadan qaçır? – HÜQUQŞÜNASDAN AÇIQLAMA
Mart ayında ardıcıl yağan üç günlük intensiv yağışlar, ardınca isə aprel ayında müşahidə olunan davamlı yağıntılar bir çox yaşayış evlərini və obyektləri su altında qoydu. Küçələrdə yaranan sel suları, zirzəmilərə dolan su və maddi zərərlər bir daha göstərdi ki, təbii hadisələr qarşısında hazırlıqsız qalmaq ciddi nəticələrə səbəb olur. Bütün bu hadisələrə baxmayaraq, vətəndaşların böyük bir hissəsi hələ də evlərini və obyektlərini sığorta etdirməkdə maraqlı görünmür.
Halbuki sığorta belə hallarda dəyən ziyanın ən azı müəyyən hissəsinin qarşılanmasına imkan yaradır və maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır. Mövcud vəziyyət isə sual doğurur: təbii fəlakətlərin real təsirləri göz önündə olduğu halda, niyə vətəndaşlar sığortaya qarşı bu qədər laqeyd yanaşır və bu sahədə maarifləndirmə niyə istənilən nəticəni vermir?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumən daşınmaz əmlakın sığortası könüllü deyil, icbaridir. Yəni qanuna görə hamı bunu etməlidir. Onun sözlərinə görə, sığorta etməyəndə həmin şəxs cərimələnməlidir: “Sadəcə olaraq sığortanı kütləvi şəkildə hər kəs etmir. Dövlətdə buna görə əhalini cərimələməkdən çəkinir. Çünki bu sosial narazılığa gətirib çıxara bilər. Həmdə bununla bağlı bir mexanizmdə yoxdur. Hamını bir-bir cərimə etməkdə olmur. Əlbəttdəki bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Buda hazırda yoxdur.
Yəni əhali arasında heç bir maarifləndirmə işləri aparılmır. 4-5 il bundan əvvəl bu məsələ yenidən aktuallaşmışdı. Prezidentdə bu məsələyə münasibət bildirdi ki, əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Ancaq heç bir maarifləndirmə aparılmadı. Digər tərəfdəndə sığorta şirkətlərinə insanların inamı yoxdur. Amma hər bir halda biz tədricən bu mədəniyyəti tətbiq etməliyik”.
Müəllif: İlkin Məmmədkərimov

