Gündəm 

Maaşlara yenidən baxılacaq – Artım olacaq – RƏSMİ

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla adıçəkilən məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişiklik edilib. Dövlət başçısı “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli qanunun tətbiqi və “Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” Prezidentin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman da imzalayıb.

Musavat.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəyişikliklərlə bağlı məlumat yayıb.

Qeyd olunub ki, son illər dövlət başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən, bu islahatlar minimum əməkhaqqının da 3,1 dəfə artırılmasına imkan verib.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əmək haqqının məbləğinə Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib:

“Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə imkan yaradır”.

Qeyd edək ki, minimum əmək haqqı “Yaşayış minimumu haqqında” qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Məcəllədə həmçinin bəzi texniki dəyişikliklər də edilib.

Daha çox xəbərlər