Bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq – TƏHLİL
Dövlət başçısı İlham Əliyev öz dogma yurd-yuvalarına qayıdan Xocalı sakinləri ilə görüşlərində daim bu məqamı xüsusi vurğulayır ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün gələcək
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi. Həmin gün 106-sı qadın, 70-i ahıl, 63-ü uşaq olmaqla 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 487 nəfər əlil oldu. Girov götürülən 1275 nəfər ermənilərin ağılasığmayan zülmünə, təhqirlərə məruz qaldı. 8 ailə bütünlükdə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq müddətdə apardıqları etnik təmizləmə siyasətinin ən faciəli səhifəsi kimi tarixə yazıldı. Amma erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi faciələr Xocalı soyqırımı ilə də bitmədi. Davamlı olaraq törədilən hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması, bütün bunlar erməni faşizminin təzahürləri idi.
Xocalı soyqırımının törədildiyi zaman Ermənistanın bütün cəhdlərinə, xüsusilə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının, beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırıldı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı dövlət səviyyəsində addımlar Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atıldı. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edildi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlərə Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırışlar edilib. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Bütün bunların hamısı bir məqsədə-Xocalı faciəsinin soyqırımı kimi tanıdılmasına xidmət edən addımlardır. Azərbaycanın real faktkara, tarixi həqiqətlərə söykənən təbliğatının uğurları davamlılığı ilə diqqətdədir.

Artıq altı ildir ki, bayramlarımızla yanaşı, faciələrimizi də fərqli ruhda qeyd edirik. Çünki Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin qürur, Zəfər səhifəsini yazdı. 44 gündə işğala son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız azad edildi, separtçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Xocalı şəhəri və kəndləri də genişmiqyaslı bərpa işləri, sakinlərin bu torpaqlara qayıdışı ilə diqqətdədir. Xocalı şəhəri qısa müddətdə, 8 ay ərzində ilık sakinlərini qarşıladı. 2024-cü ilin 28 may tarixində, Müstəqillik Günündə Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazıldığını cənab İlham Əliyev böyük qürur hissi ilə bildirdi. Həmin tarixdə dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər. Söhbət zamanı Prezident İlham Əliyev “Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır” söyləyərək onu da vurğuladı ki, mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək: “Mən də bilirdim, şübhə etmirdim, sadəcə olaraq, onun vaxtı var idi. Onu da təxmin edirəm, xocalılılar bəlkə də gözləmirdilər ki, bu, bu qədər tez baş verəcək.”

Dövlətimizin başçısı həmin söhbət zamanı bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, bu gün bax, burada – Xocalıda, – cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, – görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl – fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.
Qeyd edək ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.

Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb. Dövlət başçısı İlham Əliyev ötən ilin sentyabrında Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Görüşdə çıxış edən cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Ən önəmlisi siz və sizin davamçılarınız doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. O da bildirildi ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın: “Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz – Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq.”
Qarabağımız, Şərqi Zəngəzurumuz gülüstana çevrilir. Bu torpaqlarda yeni idarəçilik sisteminin tətbiqi səmərəliliyi daha da artırır, hər bir işin zamanında başa çatmasını təmin edir. Suverenliyimiz tam bərpa ediləndə ilk hədəf bu oldu ki, Xocalı bərpa ediləcək və buna 8 ayda nail olundu. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövr ərzində bu torpaqlarda 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
Yeganə Əliyeva, “İki sahil”

