Azad olunan ərazilərə 23 milyard manat ayrılıb
Deputat Vüqar Bayramov Milli Məclisin iclasındakı çıxışı zamanı əvvəlcə Xocalı soyqırımından danışıb.
Musavat.com-un məlumatına görə, Xocalı Soyqırımının 34-cü ildönümü barədə danışan deputat xatırladıb ki, Ulu Öndər Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində Xocalı faciəsinin 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edib:
“Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq”.

V.Bayramov əlavə edib ki, bu gün Xocalı rayonunda yeni bir səhifə açılır:
“Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb. Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir”.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir:
“Nəzərə alsaq ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir”.
V.Bayramovun sözlərinə görə, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var:
“Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir”.
E.Paşasoy,
Musavat.com

