Əhaliyə ciddi xəbərdarlıq – Bu gün gün ərzində…
Fevralın 24-də Yer kürəsində G2 səviyyəli, yəni orta güclü maqnit fırtınası gözlənilir.
Musavat.com xəbər verir ki, məlumata görə, hazırda planetimiz Günəşdə yaranmış tac dəliyindən çıxan yüksək sürətli günəş küləyi axınının təsiri altındadır. Bu axının sürəti təxminən 700 km/s-ə çatıb və son günlərdə zəif maqnit fırtınalarına səbəb olub. Mütəxəssislər prosesin bu gün müəyyən vaxtlarda güclənərək G2 səviyyəsinə yüksələ biləcəyini istisna etmirlər.
Alimlərin bildirdiyinə görə, G2 maqnit fırtınaları Günəşdə baş verən partlayışlar və tac kütlələrinin atılması nəticəsində yaranır. Yüklü hissəciklər Yerin maqnitosferinə daxil olduqda geomaqnit aktivlik artır və bu da texniki sistemlərə, eləcə də insan sağlamlığına müəyyən təsir göstərə bilir.
Belə dövrlərdə radio rabitəsində qısamüddətli pozuntular, peyklərin işində xırda nasazlıqlar və qütb parıltılarının daha intensiv müşahidə olunması mümkündür. Bununla yanaşı, maqnit fırtınaları xüsusilə meteohəssas insanlar üçün narahatlıq yarada bilər.
Mövzu ilə bağlı həkim-kardioloq Rauf Məmmədov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, maqnit fırtınaları zamanı bəzi insanlarda sağlamlıq problemləri daha qabarıq şəkildə özünü göstərə bilər.
Onun sözlərinə görə, xüsusilə ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər risk qrupuna daxildir:
“G2 səviyyəli maqnit fırtınaları adətən həyati təhlükə yaratmır, lakin həssas insanlarda baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, təzyiqin qalxıb-enməsi, ürək döyüntüsünün artması kimi əlamətlər yarada bilər. Xroniki xəstəliyi olanlar bu günlərdə özlərinə daha çox diqqət etməlidirlər. Bəzi insanlarda diqqət dağınıqlığı, yorğunluq və emosional gərginlik artır. Bu da iş qabiliyyətinin müvəqqəti azalmasına səbəb ola bilər. Ona görə də belə günlərdə həm fiziki, həm də psixoloji yüklənməni minimuma endirmək tövsiyə olunur.”
Həkimin sözlərinə görə, xüsusilə yaşlılar, hamilə qadınlar, hipertoniyadan və ürək çatışmazlığından əziyyət çəkən şəxslər daha diqqətli olmalıdır: “Bu kateqoriyaya aid olan insanlar dərman qəbulunu vaxtında etməli, təzyiqini mütəmadi ölçməli və özbaşına müalicə üsullarına əl atmamalıdırlar. Hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Bu günlərdə kifayət qədər yatmaq, bol su içmək, ağır və yağlı qidalardan uzaq durmaq, spirtli içkilərdən imtina etmək və mümkün qədər təmiz havada gəzmək faydalıdır. Həmçinin uzun müddət telefon və kompüter qarşısında qalmaqdan çəkinmək lazımdır. Sinir gərginliyi bu dövrdə simptomları daha da gücləndirə bilər. Sakit rejim, müsbət emosiyalar və rahat mühit sağlamlıq üçün çox vacibdir.”

