Region Xəbərləri 

“Xocalıya ədalət!” çağırışı uzun illər Azərbaycan xalqının qəlbində yaşayan haqq səsinin ifadəsi olmuşdur.

1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı aktı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilmişdir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə həkk olunmuşdur.
Azərbaycan dövləti uzun illər beynəlxalq müstəvidə bu həqiqətlərin tanıdılması üçün ardıcıl və prinsipial siyasət aparmışdır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirilmiş, sənədlər qəbul olunmuş, faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Lakin ədalətin tam bərpası üçün əsas şərt Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkənin suverenliyini bərpa etdi. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Döyüş meydanında əldə olunan qələbə ilə Xocalı qurbanlarının haqq səsi cavabsız qalmadı, onların qanı yerdə qalmadı.
Azərbaycanın apardığı mübarizə beynəlxalq hüququn özünümüdafiə hüququna əsaslanırdı. BMT-nin məlum qətnamələri ölkənin ərazi bütövlüyünü tanıyır və işğalçı qüvvələrin torpaqlardan çıxmasını tələb edirdi. Buna baxmayaraq, uzun illər davam edən danışıqlar nəticəsiz qaldığı üçün Azərbaycan öz gücü hesabına ədaləti təmin etdi. Bu, həm hüquqi, həm də tarixi baxımdan tam əsaslı idi.
Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Xocalı faciəsinin qurbanlarının xatirəsi daim ehtiramla yad edilir və onların ruhu qarşısında dövlət öz borcunu yerinə yetirdiyini nümayiş etdirir. Tarixi ədalətin bərpası ilə Azərbaycan həm milli qürurunu, həm də beynəlxalq hüququn aliliyinə sadiqliyini təsdiqləmişdir.

Daha çox xəbərlər