Gündəm 

Ramazanda Novruz bayramı keçirmək günahdır? — AÇIQLAMA

Bu il Novruz bayramı ilə Ramazan ayının eyni günlərə təsadüf etməsi cəmiyyətdə maraqla qarşılanır. İki böyük ənənənin üst-üstə düşməsi milli və dini dəyərlərin birgə qeyd olunması məsələsini gündəmə gətirib.

Musavat.com xəbər verir ki, ilahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, İslamda Ramazan və digər əlamətdar ay və günlər hicri-qəməri, yəni Ay təqviminə əsaslandığı üçün hər il müxtəlif mövsümlərə təsadüf edir:

“Bəzən isə Ramadan ayı Novruz bayramı ilə üst-üstə düşür. Bu, təqvimlərin dövri xarakterindən irəli gələn təbii prosesdir və burada xüsusi bir məna axtarmağa ehtiyac yoxdur. Bununla belə, kainatda baş verən bütün hadisələrin ilahi təqdirlə gerçəkləşdiyini qəbul edən İslam fəlsəfəsinə görə həyatda təsadüf anlayışı yoxdur və bu kəsişmənin də batini bir mahiyyəti ola bilər”.

İlahiyyatçı bildirib ki, Novruz dini bayram deyil və bununla bağlı dini əmr və ya qadağa mövcud deyil, milli bayram kimi qeyd oluna bilər.

“Lakin hər iki əlamətdar dövr insan üçün mənəvi məsuliyyət yaradır. Həm dini dəyərlərimizə, həm də milli ənənələrimizə sadiq qalmaq vacibdir. Oruc tutan bir insanın iftarını Novruz süfrəsində açması onun üçün həm milli, həm də dini baxımdan bir nemət sayıla bilər. Ramazan günləri ilə Novruzun kəsişməsi dini baxımdan heç bir problem yaratmır” – o qeyd edib.

Qeyd edək ki, bu təsadüf yalnız təqvim fərqi ilə izah olunur və həm milli, həm də dini ənənələr çərçivəsində rahatlıqla qeyd edilə bilər.

Daha çox xəbərlər