Gündəm 

Savaş yaraları sağalar, kütləvi qətliam ağrısı bitməz

“Vitali, bu camaatı niyə qırdınız?” Bu sualı 34 il öncə ağdamlı könüllülərin komandiri Allahverdi Bağırov erməni terrorçuların komandiri Vitali Balasanyana vermiş və cavab ala bilməmişdi. Balasanyan nəsə bir şey mızıldanmışdı.

Sonralar bu sualı başqaları da müxtəlif yerlərdə, auditoriyalarda səsləndi, amma ermənilər suala cavab verə bilmədilər. Onlar ona hələ də cavab verə bilmirlər.

Yalnız ötən əsrin 90-cı illərinin sonlarında Serj Sarkisyan Xocalı soyqırımının törədilməsinin “zəruri səbəb”inin azərbaycanlıların gözünün odunu almaq, onları qorxutmaq, erməni separatçıların öz niyyətlərində nə qədər ciddi olduğunu göstərmək üçün olduğunu qürurla demişdi.

Bu, hərbi cinayətin etirafı idi. Ermənilər isti-isti anlamırdılar, Xocalı qətliamını müharibə epizodu adlandırır, Azərbaycan cəmiyyətini dəhşətə gətirən lazımlı hadisə (dolayısı ilə terror aktı) hesab edirdilər.

Onlar Xocalıda törədilən dəhşətli cinayətin bədəlini ödəyəcəklərini gözləmirdilər.

Bu gün tam əminliklə söyləmək olar ki, ermənilərin rus hərbçilərlə birləşərək törətdikləri həmin cinayət Ermənistanın Qarabağ müharibəsində uduzmasının (siyasi, diplomatik, hərbi planda) təməlini qoydu.

Onlar bu bəşəri cinayəti törədərək, 613 günahsız insanı qətlə yetirərkən, iki o qədər adamı yaralayarkən, üç misli qədər insanı əsir alarkən nə düşünmüşdülər? Hesab etmişdilər ki, bununla da Azərbaycanın dizini yerə gətirəcək, onu Qarabağdan vaz keçməyə vadar edəcəklər?

Güman ki, belə olacağını ehtimal edirdilər. Bu, yanlış hesablamaydı. Məhz Xocalı qətliamından sonra bu xalq ermənilərin başlatdığı münaqişənin torpaq, ərazi davası olmadığını, ölüm-dirim savaşı, qan, namus davası olduğunu anladı və sonrakı davranışları da buna nəzərən oldu.

Xocalı camaatının qanı erməniləri pis tutdu. O qan onların üzünə 2020-ci ilə qədər gedən psevdodanışıqlarda dəfələrlə çiləndi, 2020-ci və 2023-cü ildə isə beyinlərinə sızdı, nə boyda cinayət etdiklərini anladılar.

Bəlkə də Xocalı qətliamı olmasaydı və ondan sonrakı savaş əməliyyatları yalnız hərbçilərin iştirakı ilə olub-bitmiş olsaydı, Qarabağ erməniləri 2023-cü ilin sentyabrından, Xankəndidəki separatçı yuva süqut edəndən sonra mahalda qala bilərdilər. Amma Xocalı sakinlərinin dərələrdə, meşələrdə qarlı torpağa çilənmiş qanı ermənilərin Qarabağda qalmasına imkan vermədi. Özləri məhz o qanın qisasından qorxaraq yurd-yuvalarını tərk etdilər, indi İrəvan həndəvərində torpaq alır, yeni yuva qurmaq istəyirlər.

Ötən il şuşalı jurnalist, dəyərli həmkarımız Hikmət Sabiroğlu Vardanyangilin məhkəməsində üzünü erməni separatçıların liderlərinə tutub soruşmuşdu: “Özünüzü də, bizi də niyə bədbəxt etdiniz?”

Onlar bu suala cavab verə bilməmişdilər. Çünki verəcək cavabları yox idi, deyə bilmirdilər ki, arxalıydıq, havadarlıydıq, özümüzü güclü görürdük və sizi tamamilə məhv etmək istəyirdik.

Gerçəkdən də, görün, Qarabağda qan salan, qan ilə torpaq almaq istəyən avantürist canilər nə qədər axmaq olublar ki, özlərindən qat-qat güclü Azərbaycanıın əhalisini cəzasız şəkildə qıracaqlarını, torpaq qoparacaqlarını, sonra dinc, yanaşı yaşaya biləcəklərini düşünüblər.

Bəlkə heç onlar Qarabağ avantürasını başladıqlarına görə indi də peşman deyillər. Ancaq indi necə zəlil-zəbun olduqlarını, hər şeyi itirdiklərini anlayır və acı-acı düşünürlər.

Sual açıq qalır: Xocalı camaatını niyə qırdınız? Dinc, yanaşı, içə-içə yaşamaq, birlikdə qurub-yaratmaq, inkişaf etmək dururkən, araya bu qanı niyə saldınız?

Budur, hər şey arxada qalıb. Qarabağ torpağı heç vaxt olmadığı qədər, son 200 ildə ilk dəfədir ki, sırf azərbaycanlılara məxsusdur, 127 ildən çox davam edən müharibədə tam və qəti qələbə çalmışıq, amma Xocalı yarası hələ sağalmayıb.

Biz millət olaraq Xocalı qətliamını erməni qatillərə bağışlamamışıq. 1992-ci ilin fevral ayının son günlərində o vaxtkı qəzetlərdə Xocalıda qətlə yetirilən körpələrin, qorxudan böyüzm olmuş o günahsız uşaqların son baxışını əks etdirən fotoşəkilləri görüb sarsılan heç kəs o qatilləri bağışlamayacaq – Holokost yaşayan yəhudilər alman nasistlərini heç vaxt bağışlamadığı kimi.

Xocalıda və ya Qarabağın azərbaycanlılar yaşayan hansısa qəsəbəsində, şəhərində dəhşətli qırğın törətmək ideyasını, böyük ehtimalla ermənilərə 366-cı alayın rəhbərliyi, həm də Moskvadan aldıqları əmr əsasında vermiş və əmin-arxayın şəkildə həyata keçirilməsində ermənilərə kömək etmişdilər. Ancaq bu gün yaxası əldə qalan zarviqarovlar deyil, erməni komandirlərdir. Onlar bu cinayətin qara maşası olublar. Rusiya siyasiləri və hərbçiləri onların əliylə Azərbaycanın Rusiyadan uzaqlaşmasının qarşısını almaq istəyirdilər, bunlar isə axmaqcasına o avantüraya qol qoydular.

2023-cü ilin sentyabrında Xankəndi həndəvərində dislokasiya edən Rusiya hərbi kontingenti bu dəfə Azərbaycan ordusunun dinc erməniləri daha qəddarcasına qırıb-çatacağını gözləyirdi, hətta buna şərait də yaratmışdı. Ancaq Azərbaycan hərbçiləri bunu etmədilər, bir mülki erməninin də burnu qanamadı.

Fərq budur: bizim ordu Xocalı qətliamının qisasını mülki şəxslərdən almadı, hərbi cinayət törətmədi, Rusiya generalitetinin fitvasına getmədi. Onlar isə getmişdilər…

Daha çox xəbərlər