Gündəm 

Ramazan boyunca bu qidalardan uzaq durmaq lazımdır

Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Gün ərzində uzun müddət ac və susuz qalan orqanizm iftar və imsakda edilən səhv seçimlərə qarşı daha həssas olur.

Mütəxəssislər bildirirlər ki, bəzi qidalar həm susuzluğu artırır, həm də halsızlıq, təzyiq dalğalanması və həzm problemlərinə səbəb ola bilər.

Xüsusilə duzlu qidalar oruc tutanlar üçün əsas risklərdəndir. Turşular, duzlu pendir və müxtəlif qəlyanaltılar orqanizmdə su itkisini artırır və gün ərzində güclü susuzluq yaradır. Bu isə insanın halsızlaşmasına və diqqətinin azalmasına səbəb olur. Həkimlərin sözlərinə görə, imsakda duzlu qidaların qəbulu gün boyu susuzluğu daha da şiddətləndirir. Qızardılmış və yağlı yeməklər də iftar süfrəsində ən çox edilən səhvlərdən biridir.

Yağda bişmiş ət, kartof qızartması və ağır xəmir xörəkləri mədəyə ağırlıq verir, köp və reflüks yaradır. Uzunmüddətli aclıqdan sonra bu tip yeməklər qəfil qəbul edildikdə həzm sistemi yüklənir və insan özünü yorğun hiss edir. Mütəxəssislər iftara əvvəlcə şorba və yüngül qidalarla başlamağı tövsiyə edib. Şəkərli və qazlı içkilər də oruc zamanı sağlamlıq üçün uyğun hesab edilmir. Bu içkilər qanda şəkərin sürətlə qalxmasına səbəb olur, lakin qısa müddətdən sonra enerji kəskin azalır və halsızlıq yaranır.

Bundan əlavə, qazlı içkilər köp və mədə narahatlığı yaradır. Onların əvəzinə su, kompot və ya təbii ayran daha faydalı sayılır. İftardan dərhal sonra həddindən artıq şirniyyat qəbul etmək də geniş yayılmış səhvlərdəndir. Şəkərli desertlər mədəaltı vəzə əlavə yük yaradır və zamanla çəki artımına gətirib çıxarır. Həkimlər şirniyyatın iftardan bir qədər sonra və az miqdarda qəbul edilməsini məsləhət görür.

Mütəxəssislər bildiriblər ki, orucu daha rahat keçirmək üçün menyuda tərəvəzlər, zülalla zəngin qidalar, qatıq məhsulları və tam taxıllar üstünlük təşkil etməlidir. Sahurda yumurta, yulaf və lifli qidalar uzun müddət toxluq hissi yaradır, kifayət qədər su qəbulu isə gün ərzində halsızlığın qarşısını alır. Düzgün qidalanma həm ibadətin rahat yerinə yetirilməsinə kömək edir, həm də orqanizmin enerji balansını qoruyur.**Sfera.az

 

Daha çox xəbərlər