Kəmalə Ağazadənin köməkçisi istefa verdi-qalmaqallı açıqlama
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin köməkçisi Rüfət Zəkizadə qalmaqallı açıqlamalar verib.
Musavat.com-un məlumatına görə, R. Zəkizadə bu gündən etibarən “Azərbaycan Uşaqları” İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzindəki fəaliyyətini dayandırdığını açıqlayıb. O bildirib ki, uzun müddətdir qurumda mətbuat katibi kimi çalışıb və və fəaliyyətləri hər zaman ictimaiyyətə açıq olub:
“Gördüyümüz işləri sizinlə bölüşmüş, həssas qrupdan olan uşaqlarımızın və rəhbərimizin səsini daha geniş auditoriyaya çatdırmağa çalışmışam. İşdən ayrılmağımın əsas səbəbi əməkdaş tərəfindən mənə və uşaqlara qarşı edilmiş haqsızlıqlar, mənə yönələn təhdidlərdir. Bu hallara münasibətim və uşaqlarımızın hüquqlarının, eləcə də sığınacağın mənafelərinin müdafiəsi ilə bağlı prinsipial mövqeyim bu qərarı verməyimə səbəb olub.
Gələcək fəaliyyətimlə bağlı bir müddət sonra, daxil olan təklifləri dəyərləndirərək, yenidən bu sahəyə uyğun bir istiqamətdə davam etməyi planlaşdırıram”.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə isə Musavat.com-a açıqlamasında bildirib ki, məsələ əməkdaşlar arasında yaranmış anlaşılmazlıqdan qaynaqlanır: “Hazırda işdə deyiləm. Hansısa əməkdaşlar arasında problem yaranıbsa, onların işinə qarışa bilmərəm. Uşaq müdafiəsi ilə bağlı deyilənlərə gəlincə, bu məsələ dövlət tərəfindən qorunur. Ola bilər ki, incikliyi var deyə belə paylaşım edib. Gənclər bəzən anlaşılmazlıq yaranan kimi status yazaraq haqlarının pozulduğunu bildirirlər. Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, söhbət konkret olaraq hansı hüquqdan gedir. Bu, gənclər arasında baş verən adi mübahisə də ola bilər”.
Qeyd edək ki, R. Zəkizadə bir il əvvəl sığınacaqda çalışan xanımlardan biri ilə ailə həyatı qurub.
Şahanə Rəhimli
Musavat.com

