Gündəm 

SON DƏQİQƏ! ABŞ-dən Naxçıvanla bağlı XƏBƏRDARLIQ

Martın 5-də yerli vaxtla təxminən saat 12:00 radələrində Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə dron hücumu həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ABŞ hökuməti təhlükəsizlik səbəbindən öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edir. Bildirilib ki, ABŞ vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və vəziyyətlə bağlı operativ məlumatlar paylaşılmağa davam edəcək.

Bununla yanaşı, Azərbaycanda olan ABŞ vətəndaşlarına ehtiyac yaranacağı halda ABŞ Dövlət Departamenti ilə +1-202-501-4444 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd olunub ki, hazırda Bakıda yerləşən ABŞ səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və səfirlik adi qaydada fəaliyyətini davam etdirir.

Məlumatda ABŞ vətəndaşlarına hadisə baş verən ərazidən uzaq durmaq, yerli medianı izləmək, izdihamlı yerlərdən və mümkün etiraz aksiyalarından çəkinmək tövsiyə olunub. Eyni zamanda, insanların diqqətli olması, yaxınlarını öz təhlükəsizlikləri barədə məlumatlandırması və vəziyyət pisləşəcəyi halda bölgəni tərk etmək üçün ehtiyat planlar hazırlaması məsləhət görülür.

Bildirilib ki, vətəndaşlar səyahət sənədlərini aktual saxlamalı və mümkün təxliyə planlarını ABŞ hökumətinin yardımına arxalanmadan əvvəlcədən nəzərdən keçirməlidirlər.

Daha çox xəbərlər