Gəmilər vurulur — Xaricdən gələn mallar bahalaşacaq
Hörmüz boğazında təhlükəsizlik risklərinin artması və bəzi gəmilərə yönəldilən hücum iddiaları beynəlxalq ticarət zəncirində narahatlıq yaradıb. Bu, xüsusilə dəniz yolu ilə daşınan malların, o cümlədən Çin və Yaponiya istehsalı avtomobillərin çatdırılmasında gecikmə və qiymət artımı ehtimalını artırır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, daşıma xərclərinin artımı təkcə Çin və Yaponiyadan gələn yüklərlə bağlı deyil. Digər istiqamətlərdə də qiymətlər yüksələcək.
“Burada söhbət birja sistemi kimidir, bir yerdə bahalaşma digər istiqamətlərə də təsir göstərir, çünki gəmilərin sayı məhduddur və bu xidmətləri təmin edən bir neçə böyük logistika şirkətidir. Məsafələr uzandıqca gəmilərə tələbat artır. Məsələn, əvvəl bir gəmi bir ay yolda qalırdısa, indi eyni yol üç ay çəkirsə, avtomatik olaraq gəmiyə olan tələbat üç dəfə yüksəlir. Bu, həm gəmilərin sayına, həm də qiymətlərə birbaşa təsir göstərir. Ən çox təsir isə birbaşa həmin marşrutdan istifadə edən ölkələr üçün olur. Dolayı təsir bütün ölkələrə yayılır və ümumi daşıma xərclərini artırır. Məsələn, Azərbaycana Çindən, Koreyadan və Yaponiyadan gələn gəmilər əvvəllər İran üzərindən Bəndər-Abbas limanına çatırdısa, indi Poti limanı vasitəsilə 40–45 gün əvəzinə 60 gün çəkir. Bu müddət artımı və əlavə gecikmələr daşıma qiymətlərini yüksəldir”.
Ekspert bildirib ki, üstəlik, kanal və limanlarda bağlanmalar və yüklənmə gecikmələri də xərcləri artırır. Beləliklə, bütün məhsulların daşıma xərcləri yüksələ bilər və nəticədə qiymətlərə təsiri qaçılmaz olur.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı “Arash-2” tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

