“İlham Əliyev dəfələrlə beynəlxalq jurnalistlərə açıqlayıb ki…”
“Azərbaycan müstəqillik qazandığı ilk gündən xarici siyasətini sülh, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurub. Dövlətin xarici siyasətində əsas məqsəd regionda sabitliyi qorumaq, qonşu dövlətlərlə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək və milli maraqları təmin etməkdir”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

O bildirib ki, Azərbaycan heç vaxt digər ölkələrə qarşı təcavüzkar siyasət yürütməyib, qonşuların ərazi bütövlüyünə və daxili işlərinə hörmətlə yanaşıb:
“Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri balanslı və insani yanaşmadır. Dövlət yalnız öz suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn təhdidlər qarşısında beynəlxalq hüququn tanıdığı qanuni özünümüdafiə hüququndan istifadə edir. Bunun ən bariz nümunəsi 30 ilə yaxın davam edən Qarabağ işğalının sona çatdırılmasıdır. 2020-ci ildə baş verən və tarixə 44 günlük Vətən müharibəsi kimi düşən savaş nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bu müharibə yalnız Azərbaycanın suveren hüquqlarını bərpa etmək məqsədi ilə aparılıb, heç bir ölkənin ərazi və siyasi maraqlarına qarşı yönəlməyib.
Prezident İlham Əliyev beynəlxalq siyasətin diqqət çəkən və birinci dərəcəli diplomatlarından biridir. O, diplomatiya ilə hərbi gücün balanslı şəkildə istifadə olunmasının mümkün olduğunu göstərib, Qarabağ məsələsinin həllində həm diplomatik, həm siyasi, həm də hərbi vasitələri ustalıqla birləşdirərək Azərbaycanın milli maraqlarını qoruyub.
Azərbaycanın xarici siyasətində müstəsna yer tutan məsələlərdən biri də dövlətin öz ərazisinin başqa ölkələrin hərbi məqsədli istifadəsinə açılmamasıdır. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq jurnalistlərə və diplomatik dairələrə açıqlayıb ki, heç bir ölkə Azərbaycanın torpaqlarından istifadə edərək digər ölkələrə qarşı hərbi əməliyyatlar həyata keçirə bilməz. Azərbaycanın xarici siyasəti insani, vicdanlı, balanslı və milli maraqlara əsaslanmış strateji xətdir. Prezident İlham Əliyev ölkəsini beynəlxalq səviyyədə sabitlik, əməkdaşlıq və inkişaf istiqamətində möhkəmləndirir”.
Şahanə Rəhimli
Musavat.com

