Siyasət 

Gümrüdəki 102-ci baza “tərk-silah edilir” iddiası

Ermənistanın KTMT ilə münasibətləri sürətlə pisləşir; bazanın hüquqi qüvvədən düşməsinə isə hələ 18 il var…

İrandakı müharibə fonunda Gümrüdəki 102-ci Rusiya hərbi bazası ətrafında sensasion iddialar yayılıb. “Yeni Müsavat” ermənilərin “Kavkazar” Telegram kanalına istinadən xəbər verir ki, Ermənistan komandanlığı 102-ci bazanın bütün hava hücumundan müdafiə vasitələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini və hava müşahidə postlarının, eləcə də mobil atəş qruplarının gücləndirilməsini tələb edib. Telegram kanalı xəbər verir ki, İrəvanın bu tələbinə baxmayaraq, ermənilərin özləri hərbi əməkdaşlığı sabotaj edirlər.

“Birgə hava hücumundan müdafiə komandanlıq məntəqəsində onlar radarlarından məlumat verməkdən imtina edir və yalnız erməni dilində ünsiyyət qururlar. İran üzərindəki hava məkanının bağlanması Gümrüdəki bazaya təchizatı da dayandırıb – digər ölkələr hərbi nəqliyyat təyyarələrinin Ermənistana daxil olmasına icazə verməkdən imtina edir”, – deyə xəbərdə bildirilir.

İddia olunur ki, regional gərginlikdən istifadə edərək hərbi bazaya qarşı PUA-larla bağlı təxribatlar hazırlanır.

Əgər doğrudan da birgə hava hücumundan müdafiə sistemində informasiya mübadiləsi məhdudlaşdırılırsa, bu, Moskva-İrəvan münasibətlərində etimad böhranının dərinləşdiyini göstərə bilər.

Naqif Həmzəyev — Vikipediya

Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Müsavat”da  xatırlatdı ki, hələ 2024-cü ilin dekabrında Paşinyan açıq şəkildə bildirmişdi ki, Ermənistan artıq özünü KTMT-dən kənar hesab edir: “Ermənistanın Qərbə yaxınlaşması strateji çərçivədə ciddi addımlarla müşayiət edilib. 2025-ci ilin martında Ermənistan parlamenti AB-yə üzvlük prosesinə başlamaq haqqında qanun layihəsini 64 səslə qəbul edib. 2026-cı ilin yanvarında ABŞ-Ermənistan arasında “tarixi” Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəd iqtisadi, müdafiə, demokratik inkişaf və humanitar sahələri əhatə edir. Bundan əlavə, fevralın 10-da ABŞ vitse-prezidenti Cey Di Vens İrəvana səfər edib. Görüş zamanı Ermənistanın amerikan istehsalı V-BAT pilotsuz uçuş aparatları alacağı rəsmən təsdiqlənib. Bunun siyasi yön dəyişməyə geniş ictimai dəstəyi var. 2024-cü ilin sosioloji sorğusunda qeydə alınıb ki, əhalinin Moskvaya müsbət münasibəti 2019-cu ildəki 93 faizdən 31 faizə düşüb. NATO üzvlüyünə dəstək isə 7 faiz artıb.

102-ci baza ətrafında yayılan son iddialar ayrı-ayrılıqda deyil, daha geniş informasiya müharibəsi kontekstində dəyərləndirilib mexanizm kimi araşdırılmalıdır. Çünki bu cür narrativlər artıq sistematik hal almış vəziyyətdədir. Moskvaya yaxın analitiklər hesab edir ki, Rusiya Kreml tərəfindən Telegram kanalları, ödənişli influenservlər və siyasi loyalistlər vasitəsilə Ermənistanın daxili siyasətinə müdaxilə etməyə çalışır. Buna qarşı, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyaya doğru yönəlməsi Qərb tərəfindən də informasiya mediası vasitəsilə dəstəklənir.

Bununla belə, xüsusi mənbəsi bəlli olmayan Telegram kanallarından gələn bu tip iddiaları düz qiymətləndirmək ciddi metodoloji problemlər yaradır. Konkret olaraq, birgə hava hücumundan müdafiə sistemindəki məlumat mübadiləsinin məhdudlaşdırılması, PUA istifadəsi ilə bağlı təxribat planları və bazanın təchizat böhranı kimi iddiaların heç biri rəsmi mənbələr tərəfindən nə təsdiqlənib, nə də inkar edilib.

İranla bağlı hava məkanının bağlanması Gümrüdəki bazaya ərzaq və hərbi yük çatdırılmasını çətinləşdirə bilər. Bu, mübahisəsiz bir geopolitik reallıqdır. Rusiya qərargahı üçün təchizat marşrutlarının azalması ciddi əməliyyat çətinlikləri yaradır. Bununla belə, hazırkı İran böhranının bazanın ümumi döyüş hazırlığına konkret olaraq nə dərəcədə təsir etdiyini qiymətləndirmək çox çətindir. Bu barədə etibarlı, doğrulanmış məlumat mövcud deyil.

Nəzərə almaq lazımdır ki, 102-ci bazanın hava nəqliyyatı Azərbaycan üzərindən aparılan uçuşlarla da təmin edilirdi. Bu, Qarabağ münaqişəsi dövründəki nadir həlqə kimi diqqəti çəkmişdi. İran üzərindən alternativ marşrutun bağlanması belə maraqlı əməkdaşlıq nöqtəsinə yenidən diqqəti yönəldə bilər”.

Deputatın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinin əhəmiyyətli dərəcədə pisləşdiyi, KTMT-dən faktiki ayrılmanın baş verdiyi, bazanın 2044-ə qədər hüquqi baxımdan mövcud olduğu, Ermənistanın Qərblə hərbi-siyasi inteqrasiyanı sürətləndirdiyi, Paşinyanın baza haqqında şübhəli açıqlamalar etdiyi – bunların hamısı real faktlardır. O, həmçinin qeyd etdi ki, radar məlumatlarının qəsdən gizlədilməsi, PUA-larla bağlı konkret təxribat planlaması, bazanın məqsədyönlü şəkildə “silahsızlandırılması” – bu iddiaların hər biri anonim Telegram kanallarına əsaslanır və rəsmi mənbələrlə təsdiq olunmayıb: “Gümrüdəki baza ətrafında yayılan son informasiyaları- istər PUA-larla bağlı təxribat ssenarisi, istərsə radar məlumatlarının gizlədilməsi iddiaları – təkbaşına götürüb sensasiyalaşdırmaq düzgün deyil. Bununla belə, bu iddialar tamamilə boşluqdan da yaranmır. Onlar Moskva-İrəvan arasında dərinləşən etimad böhranını, iki tərəf arasındakı informasiya müharibəsini və 2026-cı ilin parlament seçkiləri ərəfəsindəki daxili siyasi rəqabəti özündə əks etdirir. Bu üç faktor bir araya gəldikdə, Gümrü bazası həm real hərbi münaqişə nöqtəsinə, həm də simvolik geopolitik bəhsə çevrilmiş olur.

Cənubi Qafqazın təhlükəsizlik balansı baxımından isə açıq sual budur: Əgər 102-ci baza bir gün Gümrüdən çəkilsə, bu boşluğu kimin dolduracağı ciddi sual yaradır. NATO strukturlarının, ABŞ-nin ikitərəfli hərbi əməkdaşlığının, yoxsa başqa bir aktorun-regionun gələcək mənzərəsini müəyyənləşdirəcək”.

Şimal Avropada silahlanma yarışı sürətlənə bilər”

Politoloq Züriyə Qarayeva bildirdi ki, 102-ci Rusiya hərbi bazası ətrafında yayılan iddialar Ermənistan-Rusiya münasibətlərində artıq bir neçə ildir davam edən etimad böhranının yeni mərhələyə keçdiyini göstərir: “Əgər doğrudan da birgə hava hücumundan müdafiə sistemində informasiya mübadiləsi məhdudlaşdırılır və koordinasiya zəifləyirsə, bu, İrəvanın Moskvanın hərbi mövcudluğuna əvvəlki kimi strateji təminat kimi baxmadığını göstərən ciddi siqnaldır. Ermənistan rəhbərliyi son illər paralel şəkildə Qərb və Avropa strukturları ilə əməkdaşlığı genişləndirir və bu fonda Rusiya hərbi bazasının rolunun tədricən müzakirə mövzusuna çevrilməsi ehtimalı artır. Digər tərəfdən, PUA təxribatı ilə bağlı səsləndirilən ehtimallar regionda informasiya müharibəsinin də aktiv fazaya keçdiyini göstərir. Belə bir ssenari baş verərsə, bu, həm Rusiya kontingentinin təhlükəsizliyi, həm də Ermənistan daxilində siyasi müzakirələr üçün ciddi alətə çevrilə bilər. Nəticədə Gümrü bazası ətrafında yaranan gərginlik yalnız Moskva-İrəvan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasına və regiondakı qüvvələr balansına təsir göstərə biləcək yeni geosiyasi proseslərin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər