Gündəm 

Bayramqabağı QİYMƏT sürprizi – Bu ərzaq bahalaşıb?

Paytaxtda ətin qiymətində artım müşahidə olunur. Həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. İndiyədək dana ətinin bir kiloqramı alıcılara 16-17 manata təklif olunduğu halda, bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manat alıcılara təklif olunur.

Qəssablar müxbirimizə söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlaşmasının qiymət artımına təsir göstərdiyini bildiriblər (Metbuat.az).

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, 2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib. 2026-cı ilin fevral ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, qiymətlərin artması bazarda tələbatla bağlıdır:

“Qiymət alışın həcmindən asılıdır. Tələbat yüksəkdir. Ətin qiyməti orta və uzunmüddətli dövrdə davamlı artacaq. Ucuzlaşma iki halda mümkün ola bilər: birincisi, əhalinin ət almaq imkanı olmasa; ikincisi heyvandarlıq yaxşı biznes növünə çevrilsə. Bölgələrdə heyvandarlıq gəlirli sahə olsa, bu, təklifin həcminə təsir göstərər. Bir sözlə, orta və uzunmüddətli dövrdə ət bahalaşacaq. Amma qısamüddətli dövrdə, məsələn həftəlik qiymət dəyişkənliyi alıcıların davranışından asılı olacaq”.

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı sayəsində mühüm instituta çevrilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə və regiondakı iqtisadi vəziyyət İrandan idxal olunan bəzi ərzaq məhsullarının qiymətinə təsir göstərib:

“Son aylarda xüsusilə süd məhsulları və quru meyvələrdə nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Ən ciddi qiymət artımı kərə yağında qeydə alınıb. Əvvəllər təxminən 16-18 manat civarında satılan İran istehsalı kərə yağının qiyməti hazırda 22-23 manata qədər yüksəlib. Bu isə təxminən 30-35 faiz artım deməkdir.

Süd məhsullarında da oxşar dinamika müşahidə olunur. Məsələn, əvvəllər 7-7,5 manata satılan bəzi pendir növlərinin qiyməti artıq 10-10,5 manata çatıb. Qaymaq, şor və digər süd məhsullarında da orta hesabla 20-30 faiz bahalaşma müşahidə edilir. Qiymət artımı yalnız süd məhsulları ilə məhdudlaşmır. Quru meyvələr və bəzi digər ərzaq məhsullarında da oxşar artım var.

Bahalaşmaya həm regionda davam edən münaqişə, həm də Novruz və Ramazan bayramı ərəfəsində artan mövsümi tələbat təsir göstərir. Əsas səbəblər arasında logistika problemləri və İranda uzun müddətdir davam edən yüksək inflyasiya göstərilə bilər. Bu amillər idxal olunan məhsulların maya dəyərini artırır və nəticədə qiymətlər bazarda yüksəlir”.

Daha çox xəbərlər