Gündəm 

Uşağı döyən müəllim və valideynlərin cəzalandırılmasına fərqli reaksiyalar

Ceyhun Məmmədov: “Çalışmalıdırlar ki, uşaqlara qarşı kobud, zorakı davranmasınlar”

Milli Məclisin sonuncu plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatların arasında fikirayrılığı yaranıb.

Musavat.com-un məlumatına görə, söhbət tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllimlərin 200 manatadək cərimələnməsini nəzərdə tutan cəzanın qanunvericiliyə daxil edilməsindən gedir. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Deputat Nigar Arpadarai çıxış edərək bəzi məqamlarla razılaşmadığını söyləyib. Deputat qanun layihəsinin müvafiq maddəsi – uşağa qarşı cismani cəzanın tətbiqi maddəsi ilə bağlı mövqeyini açıqlayıb. N.Arpasarai bildirib ki, gözlənilməz səslənsə də, o, qanunun bu maddəsinin əleyhinədir: “Hesab edirəm ki, bu, çox təhlükəli qanun layihəsidir”. Deputat qeyd edib ki, güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir: “Məsələ ondadır ki, bu maddə faktiki olaraq Pandoranın qutusunu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır, daha da dərinləşdirmək yox. Bəli deyə bilərsiz ki, bu tip qanunlar 1980-ci illərdən etibarən Avropada və bəzi digər ölkələrdə qəbul olunur və artıq təxminən 70 ölkə bunu edib. Bu doğrudur. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var – bu proses qonşulara, müəllimlərə və uzaq qohumlara valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə, polisə və sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb. Heç kim mənə sübut edə bilməz ki, belə yanaşma real fayda gətirir”. Deputat bildirib ki, dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir: “Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Lakin əslində sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu, belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik. Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən bir yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir. Mənim qənaətimə görə, bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz – bu, tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır – Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm də ana kimi deyirəm”. Deputat, parlamentin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında fərqli mövqeyini açıqlayıb: “Qeyd etmək lazımdır ki, bu qanun dünyanın bir çox ölkələrində tətbiq olunur, yalnız bizim ölkədə tətbiq olunan bir məsələ deyil. Dünyanın bir çox ölkələri uşaqlara qarşı belə addımların atılmasının qarşısını almaq üçün belə bir yanaşmanı ortaya qoyurlar və qanunlarda bu kimi məsələlər əksini tapır. Azərbaycan qanunvericiliyində belə bir məsələnin əksini tapması da beynəlxalq praktika və təcrübəyə əsaslanır. Bugünkü uşaqlar, yeniyetmələr onlara qarşı zorakılığın tətbiqini qəbul etmirlər. Yəni kimsə düşünə bilər ki, bu, özünün töhfəsini verə və uşaqların tərbiyəsində rol oynaya bilər, amma müasir dövrdə bu metodlar artıq işləmir. İndiki uşaqlarla zorakılıqla davranmaq onların təhsilə marağının artırılmasına töhfə vermir, bu, prosesə əksinə, bir çox hallarda da özünün mənfi təsirini göstərə bilər. Ona görə bu, artıq tərbiyə metodu deyil”. C.Məmmədovun fikrincə, eyni zamanda bu, uşaqların psixologiyasına da ciddi formada təsir edir: “Yəni uşaqların psixologiyası zədələnir, onlar psixologiyaları zədələndiyi üçün biz bunun onların tərbiyəsinə mənfi təsirini görürük. Ona görə həm valideynlərimiz, həm ailələrimiz bu məsələlərdən uzaq olmalıdırlar. Yəni çalışmalıdırlar ki, övladlarına qarşı kobud, zorakı davranmasınlar. Çünki bu, gələcəkdə müəyyən fəsadlara gətirib çıxaracaq və problemlər yaradacaq. Ona görə bunu hamının nəzərə almasına ehtiyac var. Hesab edirəm ciddi narahatlığa ehtiyac yoxdur”.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər