“Dövlətin sabitliyinin gizli qəhrəmanları” – deputat 28 mart tarixindən danışır
“Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixinin Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunması bu sahədə çalışan insanların əməyinə verilən böyük qiymətin bariz nümunəsidir. Ulu Öndər hər zaman təhlükəsizlik orqanlarının dövlətin dayanıqlığının təmin edilməsində, milli maraqların qorunmasında və sabitliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulayıb”.
![]()
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları ötən dövr ərzində mürəkkəb və şərəfli yol keçib, ölkəmizin suverenliyinin, konstitusion quruluşunun və milli maraqlarının müdafiəsində, terrorizmə, ekstremizmə və digər təhlükələrə qarşı mübarizədə yüksək peşəkarlıq nümayiş etdiriblər: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarında həyata keçirilən islahatlar onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və kadr potensialının artırılmasına xidmət edir. Müasir çağırışlara uyğun olaraq, milli təhlükəsizlik sisteminin dayanıqlılığı daha da artırılır, qabaqcıl texnologiyaların tətbiqi genişləndirilir və beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir”.
S.Salmanova bildirib ki, Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları daim dövlətə sədaqət, xalqa xidmət və peşəkarlıq prinsiplərini rəhbər tutaraq ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün böyük məsuliyyətlə çalışırlar: “Onların fədakar xidməti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik qorunur, vətəndaşlarımızın təhlükəsizliyi təmin edilir”.
Parlamentari çıxışının sonunda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarını ürəkdən təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Cavanşir ABBASLI
Musavat.com

