Cəmiyyət 

Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə “texniki kartof” adı ilə tanınan, əsasən sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida üçün yararlı kartof kimi satışa çıxarılması istehlakçıların sağlamlığı baxımından ciddi suallar doğurur. Xarici görünüşcə çox vaxt fərqləndirilməsi çətin olan bu kartof növləri arasında seçim etmək isə adi alıcı üçün asan deyil. Nəticədə, insanlar bilmədən həm keyfiyyətsiz, həm də sağlamlıq üçün risk yarada biləcək məhsulları istehlak edə bilirlər. Bəs belə vəziyyətdə əhali qidaya yararlı kartofu texniki kartofdan necə ayırd etməlidir və hansı meyarlara diqqət yetirməlidir?
Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, kartofun “qida üçün yararlı” və ya “texniki” (nişasta və ya yem məqsədli) olması əsasən onun keyfiyyət göstəricilərindən, saxlanma şəraitindən və xarici görünüşündən anlaşılır. Sadə istehlakçı üçün bunu 100% dəqiqliklə ayırmaq çətin olsa da, bəzi praktik əlamətlər kömək edə bilər:

1. Xarici görünüşünə diqqət edin.

– Yaşıl rənglənmə – bu solanin adlı zəhərli maddənin artdığını göstərir. Belə kartoflar qida üçün uyğun deyil.
– Çox cücərmiş kartof – uzun müddət saxlanılıb və keyfiyyəti aşağı düşüb.
– Qara ləkələr, yumşalma, çürümə əlamətləri – bu kartofların artıq istifadəsi risklidir.
– Formaca çox eybəcər və ya zədələnmiş kartoflar da adətən texniki və ya aşağı keyfiyyətli olur.

2. Daxili quruluşu yoxlayın.

– Kartofu kəsdikdə içində qara, qəhvəyi halqalar və ya boşluqlar varsa, bu artıq keyfiyyət probleminə işarədir.
– Həddindən artıq sərt və ya çox sulu tekstura da normal deyil.

3. Dad və bişmə xüsusiyyətləri.

– Qida üçün olan kartoflar bişəndə normal yumşalır və dadı xoş olur.
– Texniki kartoflar isə çox vaxt ya həddindən artıq nişastalı olur (un kimi dağılır), ya da bişsə də sərt qalır və dadsız olur.

4. Satın alarkən diqqət ediləcək məqamlar.

– Kartofu etibarlı market və ya satıcılardan almağa üstünlük verin.
– Açıq satışda olan məhsullarda mənşə və təyinat haqqında məlumat yoxdursa, risk artır.
– Mövsümdən kənar çox ucuz kartoflar bəzən texniki və ya uzun müddət saxlanmış məhsul ola bilər.

Tam əminlik üçün laborator analiz lazımdır, amma gündəlik həyatda yaşıl, cücərmiş, çürük və ya qəribə teksturalı kartoflardan uzaq durmaq, görünüşü sağlam, bərk və təmiz kartof seçmək
ən təhlükəsiz yanaşmadır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov

Daha çox xəbərlər