500 Manatlıq Maaşla Qurulan Ailə: Məcburiyyət, yoxsa Faciənin Başlanğıcı? – PSİXOLOQDAN AÇIQLAMA
Azərbaycanda ailə qurmaq hələ də bir çox hallarda şəxsi seçimdən çox, sosial və ailə təzyiqinin nəticəsi kimi formalaşır. Xüsusilə gənclərin maddi imkanları yetərli olmadığı halda, sırf valideynlərin istəyi ilə evləndirilməsi cəmiyyətin ən həssas problemlərindən birinə çevrilib. 500-600 manat maaş alan bir gəncin ailə məsuliyyətini üzərinə götürməsi isə reallıqdan daha çox, riskli bir qərar kimi görünür.
Çünki bugünkü iqtisadi şəraitdə bu məbləğ yalnız fərdi ehtiyacları belə tam qarşılamağa kifayət etmir. Belə olan halda, əvvəlcədən məlum olan maddi çətinliklərin gələcəkdə ailədaxili gərginliklərə, hətta boşanmalara yol açacağı ehtimalı olduqca yüksəkdir. Bu isə sual doğurur: gənclərin həyatı və gələcəyi üzərində qurulan bu cür qərarlar nə dərəcədə doğrudur və kim bu məsuliyyəti daşıyır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ Azərbaycan cəmiyyətinin sosial-psixoloji modelidir. Yəni, təkcə bir neçə ailələrin yox, ümumi düşüncə tərzinin nəticəsidir. Onun sözlərinə görə, valideynlərin bu istəyi adətən “ailə qurmaq sabitlik gətirər” kimi keçmiş inanclara bağlanır: “Amma artıq keçmişin şərtləri ilə bu günün reallığı üst-üstə düşmür. Bu günün evliliyi sabitlik yaradırmı? İllər öncə 500-600 azn maaş alan bir gənc üçün həyat daha asan idi, gözləntilər fərqli idi, sosial təzyiq bu səviyyədə deyildi. Bu gün həyat bahalı, maaş isə dəyişməz olaraq qalıb. Psixoloji yük ağırlaşıb, məsuliyyət isə daha da çoxalıb. Hələ üstəlik evlənmək istəyən kişinin xasiyyəti problemlidirsə, əlavə dəstək üçün qadının çalışmasına icazə vermirsə münasibətlərdə balans pozulur.
Maddi yük və məsuliyyət bir nəfərin üzərinə düşür, qadın uzun müddət qənaətcil davranmaqdan özünü sıxılmış, depressiv hiss edir və aqressiya artmağa başlayır. Narazılıqlar çoxaldıqca davalar artır və ailədə əvvəlcə emosional uzaqlaşma yaranır. Nəticədə keçmişin qaydaları ilə qurulan ailə, bu günün reallığında dağılmağa məhkum olur. Evlilik hazır olmayan insan üçün sevgi yuvası deyil, yükə çevrilir.
Gənc valideynlər köhnə düşüncə ilə lazımdır deyə ailə qurur, amma ailənin yükünü yeni dünyanın içində uşaq daşıyır. Maddi hazır olmayan iki insanın qurduğu ailə, keçmiş stereotiplərə görə qurulanda, bu ailədə zamanla sevgi yox, narazılıq böyüyür. Bu gün hər iki gənc evliliyə çalışaraq maddi hazır deyilsə, evlilik yükdür”.
Müəllif: İlkin Məmmədkərimov

