Putin Paşinyanla GÖRÜŞDÜVİDEO
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş regionun iqtisadi və siyasi gələcəyi baxımından mühüm bəyanatlarla yadda qalıb. Liderlər iki ölkə arasındakı mövcud münasibətləri və Ermənistanın xarici siyasət kursundakı yeni meyilləri müzakirə ediblər.
Musavat.com xəbər verir ki, Vladimir Putin ilk dəfə olaraq Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük ehtimalı və bu istiqamətdə ölkədə gedən müzakirələrə münasibət bildirib. Rusiya lideri qeyd edib ki, rəsmi Moskva Ermənistanın Aİ ilə əlaqələri inkişaf etdirmək niyyətinə sakit yanaşır, lakin eyni zamanda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində təmsil olunmağın iqtisadi baxımdan qeyri-mümkün olduğunu vurğulayıb: “Bəlkə gələcəkdə vəziyyət dəyişər, lakin bu gün bu, mümkün deyil”.
Görüş zamanı enerji məsələlərinə də toxunulub. Rusiya Prezidenti Ermənistan üçün tədarük edilən Rusiya qazının qiyməti ilə Avropadakı qaz qiymətləri arasında kəskin fərqin olduğunu xatırladaraq, mövcud güzəştli şərtlərin əhəmiyyətini qeyd edib.
İqtisadi göstəricilərə gəlincə, Putin Rusiya və Ermənistan arasındakı ticarət dövriyyəsinin yüksək templə artdığını bildirib. Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasındakı mal dövriyyəsi 6,4 milyard dollar təşkil edib ki, bu da tərəflər arasındakı sıx iqtisadi bağlılığın göstəricisidir.

