Cəmiyyət 

Turizm sektorunda dönüş nöqtəsi: Halal xidmətlər ön plana çıxır

Ekspert: “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartının qəbul edilməsi ölkənin beynəlxalq bazarda daha spesifik və tələb olunan xidmətlər təqdim etməsinə imkan yaradır

Azərbaycanda turizm sektorunun keyfiyyət və rəqabət qabiliyyətinin artırılması istiqamətində atılan addımlar son illər daha sistemli və məqsədyönlü xarakter alıb. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartının qəbul edilməsi həm yerli turizm bazarı, həm də beynəlxalq turizm axınları baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Yeni standartın mahiyyəti yalnız formal tələblərin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd halal turizm anlayışını sistemli şəkildə tənzimləmək, bu sahədə fəaliyyət göstərən subyektlər üçün vahid yanaşma formalaşdırmaq və xidmət keyfiyyətini beynəlxalq səviyyədə tanınan meyarlar əsasında qurmaqdır. Standart yerləşmə vasitələrindən tutmuş tur paketlərinə, turist bələdçilərindən digər xidmət sahələrinə qədər geniş spektri əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız konkret bir istiqamətə deyil, bütövlükdə turizm zəncirinə təsir edən kompleks çərçivə rolunu oynayır.

Halal turizm son illərdə qlobal miqyasda sürətlə inkişaf edən istiqamətlərdən biridir. Dünyada müsəlman əhalinin artması, eyni zamanda onların səyahət vərdişlərinin dəyişməsi bu sahəyə olan tələbatı daha da artırır. Belə bir şəraitdə Azərbaycanın bu sahədə standartlaşdırma prosesinə qoşulması ölkənin turizm potensialının yeni bazarlara çıxışını asanlaşdıra bilər. Xüsusilə Yaxın Şərq, Körfəz ölkələri və digər müsəlman bazarlarından gələn turistlər üçün uyğun və etibarlı xidmət mühitinin yaradılması strateji əhəmiyyət daşıyır.

Standartın tətbiqi turizm müəssisələrinin idarəetmə bacarıqlarının gücləndirilməsinə də xidmət edir. Halal xidmətlərin təşkili yalnız qida məsələləri ilə məhdudlaşmır; bu, həm də xidmət prosesində etik davranış, məxfilik, ailə dəyərlərinə hörmət, ibadət imkanlarının yaradılması kimi çoxşaxəli tələbləri əhatə edir. Bu baxımdan yeni normativ sənəd müəssisələr üçün həm metodoloji bələdçi, həm də keyfiyyət təminatı aləti kimi çıxış edir.

Digər mühüm məqam müştəri məmnuniyyətinin artırılması ilə bağlıdır. Müasir turizm bazarında rəqabət yalnız qiymət üzərindən deyil, xidmətin fərdiləşdirilməsi və spesifik tələblərə cavab vermə qabiliyyəti üzərindən qurulur. Halal standartının tətbiqi isə konkret auditoriyanın gözləntilərini daha dəqiq qarşılayaraq xidmət səviyyəsini yüksəldir və nəticə etibarilə turizm obyektlərinin reputasiyasına müsbət təsir göstərir.

Sözügedən standartın “Turizm və əlaqədar xidmətlər” üzrə Texniki Komitə tərəfindən hazırlanaraq təsdiq olunması onun institusional əsaslara söykəndiyini göstərir. Bu isə gələcəkdə standartın tətbiqi, monitorinqi və təkmilləşdirilməsi prosesinin davamlı və sistemli şəkildə həyata keçiriləcəyinə işarədir. Eyni zamanda sənədin Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilməsi onun rəsmi statusunu və tətbiq dairəsini daha da gücləndirir.

Ümumilikdə, AZS OIC/SMIIC 9:2026 standartının qəbulu Azərbaycanın turizm siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu addım ölkənin turizm məhsullarının şaxələndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və xüsusilə halal turizm bazarında mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli perspektivlər açır. Bununla yanaşı, standartın effektiv tətbiqi dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsini, maarifləndirmə və təlim proseslərinin genişləndirilməsini də zəruri edir.

Turizm eksperti Kənan Hənifiyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən bütün daxili və beynəlxalq təşəbbüslər bu sahənin daha da gücləndirilməsinə xidmət edir: “Azərbaycan turizmində halal turizm üzrə dövlət standartının qəbul olunması isə müsbət və strateji addım kimi qiymətləndirilir. Bu yenilik artıq ölkəmizin halal turizm istiqamətində də öz xidmət və təkliflərini beynəlxalq turistlərə təqdim etmək imkanlarını genişləndirir.

Beynəlxalq təcrübə göstərir ki, halal turizm kimi spesifik sahədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı çox deyil. Bunun əsas səbəbi isə bu istiqamətdə fəaliyyət göstərən qurumların məhsul və xidmətlərin tam şəkildə halal tələblərə uyğunluğuna görə yüksək məsuliyyət daşımasıdır. Bu, həm xidmət keyfiyyəti, həm də etibarlılıq baxımından xüsusi yanaşma tələb edir.

Halal turizmə marağın artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərəcək. Bununla yanaşı, mövcud şəraitdə əsas məqsəd klassik turizmin dayanıqlığını qoruyub saxlamaq və ölkənin turizmin bütün istiqamətləri üzrə turist qəbuluna hazır olmasını təmin etməkdir”.

Ekspert qeyd etdi ki, Azərbaycanın turizm brendi multikulturalizm dəyərləri əsasında formalaşır və bu istiqamətdə geniş maarifləndirici işlər aparılır: “Halal turizm də bu siyasətin tərkib hissəsi kimi çıxış edərək ölkənin beynəlxalq turizm bazarında mövqeyini daha da möhkəmləndirəcək.

Ümid edilir ki, yaxın gələcəkdə geosiyasi vəziyyətin daha da sabitləşməsi fonunda Azərbaycana səfər edən turistlərin sayında əhəmiyyətli artım müşahidə olunacaq”.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər