Ötən ay 91 nəfər zəhərlənmə ilə əlaqədar KTM-ə hospitalizasiya edilib
Bu ilin mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 42-si dərman preparatlarından, 3-ü siçan dərmanından (rodentisid), 24-ü sirkə turşusundan, 3-ü yandırıcı məhlullardan, 4-ü allergik reaksiyalardan, 2-si spirtli içkidən, 5-i dəm qazından, 5-i anafilaktik şokdan, 3-ü isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

