Ağcabədi və Beyləqanda meşələrdə yanğın təhlükəsizliyi gücləndirilir -VİDEO
Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağcabədi və Beyləqan rayonlarında meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri təşkil olunub.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası çərçivəsində Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən meşəbəyliklərində, eləcə də meşəətrafı ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində maarifləndirmə işləri aparıblar.
Tədbirlər zamanı meşə və meşəətrafı sahələrdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti təhlil olunub, xüsusilə yay mövsümündə baş verə biləcək yanğınların qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, milli sərvət hesab olunan meşələrin qorunması üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi riayət etməli, aidiyyəti qurumların nümayəndələri isə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.
Həmçinin vurğulanıb ki, meşə və meşəətrafı ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün sahibkarlar və yerli sakinlər yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirməlidirlər.
Tədbirlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda xüsusi texnikaların köməyi ilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolaqlarının yaradılması əyani şəkildə nümayiş etdirilib.

