Mingəçevirdə ağır qəza – Ana və oğul öldü
Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Belə ki, hadisə Mingəçevir şəhəri Samux küçəsində baş verib. “Vaz 2107” markalı avtomobil ilə “Mersedes Vito” markalı mikroavtobus toqquşub, sonra “Mercedes” idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 2 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva hadisə yerində, 2020-ci il təvəllüdlü Adəm Həbliyev isə sonradan xəstəxanada dünyasını dəyişib.
Qəza zamanı habelə daha 6 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.
Hadisədən sonra taksi kimi fəaliyyət göstərən “Vaz”ın 2004-cü il təvəllüdlü sürücüsü Məhəmməd S.-ə cinayət işi açılıb, lakin o həbs edilməyib.
Məlum olub ki, ölən ana və 4 yaşlı oğlu Bakıda yaşayırmış. Onlar həmin gün “Mercedes Vito” ilə Mingəçevirə gediblər və mənzil başına çatmağa az qalmış dəhşətli hadisə yaşanıb.
Məhkəmə Məhəmmədi Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilib.
O, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 22 yaşlı oğlan məhkəmə zalındaca həbs edilib./News24.az

