Cəmiyyət 

Aprel ayı niyə belə keçir? – Ekoloq hər şeyi açıqladı

Müasir dövrdə iqlim və hava şəraitində baş verən dəyişikliklər insanların gündəlik həyatına birbaşa təsir göstərir. Xüsusilə, mövsümlərin keçid dövrlərində müşahidə olunan yağıntılar, temperatur dəyişmələri və hava kütlələrinin hərəkəti müxtəlif bölgələrdə fərqli təbiət hadisələrinin yaranmasına səbəb olur.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a şərhində bildirib ki, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşir. Onun sözlərinə görə, bu qurşağın xarakterik xüsusiyyətləri özünü göstərməkdədir: “Hazırda şimal yarımkürəsində qış fəsli bitdiyi, bahara keçid olduğu üçün yağıntıların olması normal hal idi. Aprel ayı Azərbaycanda əsasən yağıntılı dövrdür. Bəzən quraq keçdiyi zamanlar da olub. Bir neçə il əvvəl isə Aran zonasına aprel ayında qar yağmışdı, məhsullar məhv oldu. Azərbaycan ərazisinə daxil olan soyuq hava kütlələrinin təsiri altında bəzən qar yağışına şahidlik edirik. Bu da əsasən şimaldan daxil olan hava kütlələri ilə əlaqəlidir. Dağ və dağətəyi ərazilərdə bu vaxtlarda qar və sulu qar yağır. Aran bölgələrində isə yağışlı hava müşahidə olunur”.

Ekoloqun fikrincə, aprel ayının yağıntılı keçməsinin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur: “Statistikaya baxsaq, bir neçə ildən bir belə hal təkrarlanır. Bu tsiklik vəziyyətdir. Bundan narahat olmağa dəyməz. Yağıntılar davam edəcək. Havanın temperaturu artacaq. Yaya doğru normal hava olacaq. Unutmayaq ki, iyun və iyul ayları da yağıntılı keçə bilir. Ümumiyyətlə, mart və aprel ayları yağıntılı aylar hesab olunur. Çaylarda gur sululuq dövrü başlayıb. May ayında da belə olacaq. Əsas odur ki, su üzərində evlər olmasın. Bakı və Abşeron yarımadasında məskunlaşma düzgün olmadığı və kommunikasiya xətləri düzgün qurulmadığı üçün subasmalar müşahidə olundu. Bəzi çay massivlərində insanlar hələ də evlərinə dönə bilmirlər. “Azərbaycanda yaz və payız fəsilləri artıq yaşanmır” fikri isə doğru deyil”, – ekoloq bildirib.

Daha çox xəbərlər