Təhsil 

Repetitorluq ləğv ediləcək? -AÇIQLAMA

“Təhsilimizdə ən böyük problemlərimizdən biri repetitorluqdur. Bu istiqamətdə ciddi addımın atıldığını görmürük”.

Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, uşaqların depresiyada və gərgin olmasının səbəblərindən biri budur:

“Bu yaxınlarda bir qrup məktəbli ilə görüşdüm. Onlara tövsiyə verirdim. Bir neçə gənc bildirdi ki, siz bizə tövsiyə, istiqamət verirsiz, amma bizim vaxtımız yoxdur. Yəni, günün birinci hissəsi məktəbdə, ikinci hissəsi isə müəllim yanında oluruq. Səhərdən axşama qədər təzyiq altındayıq. Bir tərəfdən də valideyn daim uşağı sıxır ki, sən oxumalısan, universitetə qəbul olmalısan. Universitetə qəbul olmasan evə gəlmə və s. Bu uşaqların çoxu depresiyadadır. Uşaq arada dincəlməli, oynamalı, istirahət etməlidir. Bu gün biz uşaqların uşaqlığını əlindən almışıq”.

Deputat qeyd edib ki, repetitorluq məsələsini həll etməyin qeyri-mümkün olması fikri ilə razı deyil: “Düşünürəm ki, bunu həll etmək mümkündür. Çıxış yolu ondadır ki, məktəblərdə təhsilin səviyyəsi daha da artırılmalı, gücləndirilməlidir. Eyni zamanda repetitorların məktəblərdə təşviq olunmasının qarşısını almalıyıq. Gələcəyə doğru repetitorluqla bağlı müəyyən inzibati tədbirləri nəzərdən keçirməliyik. Burada müəyyən problem özünü göstərir və bunun həlli üçün müəyyən hallarda inzibati tədbirlərə baxmalıyıq ki, bu prosesi tənzimləyək. Elə sistem qurmalıyıq ki, repetitorluğa ehtiyac olmasın”.

Daha çox xəbərlər