Şiddət məzmunlu oyunlar sosial münasibətləri necə formalaşdırır?
Sosioloq: Virtual mühitdə təkrarlanan aqressiv məzmun tədricən real həyata daşınır
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə video oyunlar sadəcə əyləncə vasitəsi olmaqdan çıxaraq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə şiddət elementləri ilə zəngin olan oyunlar getdikcə daha geniş auditoriyanı əhatə edir və bu, cəmiyyət daxilində ciddi narahatlıqlar doğurur. Bu cür oyunlar istifadəçilərə zorakılığı adi və qəbul edilən davranış kimi təqdim edir, nəticədə real həyatla virtual dünya arasındakı sərhədlər tədricən zəifləyir. Uşaqlar və yeniyetmələr üçün isə bu təsir daha təhlükəli xarakter daşıyır, çünki onların psixoloji və sosial inkişaf mərhələsi davam edir və davranış modelləri məhz bu dövrdə formalaşır. Şiddətin oyun vasitəsilə normallaşdırılması aqressiv reaksiyaların artmasına, empati hissinin zəifləməsinə və sosial münasibətlərdə problemlərin yaranmasına səbəb ola bilər.

Mütəxəssislər hesab edirlər ki, bu təsirlər təkcə fərdi səviyyədə qalmır, eyni zamanda, cəmiyyətin ümumi davranış mühitinə də sirayət edir. Məhz bu kontekstdə məsələyə sosioloji baxış xüsusi əhəmiyyət kəsb edir. Sosioloq Naib Niftəliyevin mövzu ilə bağlı fikirləri də göstərir ki, şiddət tərkibli oyunlar artıq təkcə əyləncə deyil, davranış formalaşdıran mühüm amillərdən birinə çevrilib.
Rəqəmsal mühitdə davranışların formalaşması yalnız oyunla məhdudlaşmır
Naib Niftəliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, şiddət tərkibli oyunlar həm birbaşa, həm də dolayısı ilə aqressiyanı təşviq edən amillər sırasına daxildir. Bu cür oyunlar insanlarda şiddətə alışma, onu normal davranış kimi qəbul etmə və nəticədə həmin davranışların sosial mühitdə təkrarlanması riskini yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr üçün bu təsir daha güclü olur. Onlar şiddəti adi bir əyləncə forması kimi qəbul etdikdə, real həyatda da bu davranışları tətbiq etməyə meyilli olurlar.
Ənənəvi media vasitələri televiziya və radio uzun illərdir insanlara təsir göstərsə də, müasir dövrdə smartfonlar, noutbuklar və planşetlər bu təsiri daha da gücləndirib. Uşaqların və yeniyetmələrin oyunlara fəal şəkildə qoşulması tədricən həmin oyun davranışının həyat tərzinə çevrilməsinə səbəb olur. Müxtəlif statistik yanaşmalar göstərir ki, ən azı hər üç yeniyetmədən ikisinin davranışına bu faktor müəyyən dərəcədə təsir edir.
Gərginlik, nasazlıq, aqressiya və…

Bu oyunların təsiri nəticəsində davranışlar məhdudlaşır, maraq dairəsi daralır və fəaliyyət motivləri daha çox oyunlara yönəlir. Qısamüddətli yaddaşın aktivləşməsi fonunda daha primitiv reaksiyalar ön plana çıxır, sosiallaşma və təhsil kimi mühüm təsir amillərinə qarşı isə müqavimət formalaşır. Bu da öz növbəsində gərginlik, narahatlıq və aqressiya ilə nəticələnə bilər.
Məsələn, uzun müddət telefona bağlı olan bir uşağın əlindən cihaz alındıqda onun aqressiv reaksiya vermə ehtimalı yüksək olur. Bu aqressiya hər zaman açıq şəkildə özünü göstərməyə bilər, lakin daxili narahatlıq, gərginlik, məyusluq və ya itki hissi kimi psixoloji vəziyyətlərlə müşayiət oluna bilər. Bu hal yalnız yeniyetmələrdə deyil, uzun müddət smartfondan istifadə edən bir çox insanlarda müşahidə olunur. Ümumilikdə bu, müəyyən mənada başadüşüləndir, lakin sağlam və adekvat davranış forması hesab edilmir.
Problemin kökü təkcə təsirdə yox, onun idarə olunma mexanizmlərindədir
Sosioloq onu da qeyd etdi ki, texnologiya müasir həyatın ayrılmaz hissəsidir və ondan istifadə zəruridir. Lakin bu istifadə düzgün şəkildə tənzimlənməli, müəyyən qayda və məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Texnologiyanın sürətli inkişafı yeni tələbatlar yaradır və istifadə intensivliyini artırır. Bu isə xüsusilə inkişaf mərhələsində olan uşaqların psixofizioloji vəziyyətinə ciddi təsir göstərə bilər. İnformasiya yükünün həddindən artıq olması, sosial və informasiya stresi uşaqlarda impulsivlik və aqressiyanın artmasına səbəb olur.
Bu təsirlərin qarşısını almaq üçün uşaqların və yeniyetmələrin enerjisini düzgün istiqamətləndirmək vacibdir. Onların idman fəaliyyətlərinə, real sosial mühitə, parklar, stadionlar, oyun meydançaları və digər ictimai məkanlara cəlb olunması mühüm əhəmiyyət daşıyır. Yeniyetmələr üçün isə idman zalları, intellektual oyunlar və sosial fəaliyyətlər daha sağlam alternativlərdir.
Əks halda, yığılan enerji və psixoloji gərginlik aqressiv davranışlara, impulsiv qərarlara və hətta müəyyən hallarda kriminal meyillərə yol aça bilər. Buna görə də uşaq və yeniyetmələrin davranışlarının adekvat şəkildə tənzimlənməsi, onların enerjisinin düzgün istiqamətə yönəldilməsi bu problemin qarşısını almağın əsas və faktiki olaraq yeganə effektiv yoludur.
Nigar Orucova, “İki sahil”

