Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Erməni iqtisadçılar hesab edirlər ki, Rusiya Federasiyasında “Cermuk Group” şirkətinə tətbiq edilən yeni məhdudiyyətlər Ermənistan hakimiyyətinə ünvanlanmış bir mesajdır. Musavat.com News.am-a istinadla xəbər verir ki, mesajın mahiyyəti aydın şəkildə çatdırılıb: qərarınızı verin. Açıq desək, eyni zamanda həm arvad, həm də məşuqə ola bilməzsiniz…

İqtisadçıların fikrincə, Moskva İrəvana eyham vurur ki, dürüst rəftar etməlidir. “Rusiya hələ bir addım atmayıb, hətta atmaq niyyətində də deyil, bunlar sadəcə kiçik və yumşaq xatırlatmalardır ki, dürüstlük iqtisadi münasibətlərdə də yaxşı bir şeydir”, – iqtisadçı Tatul Manaseryan bildirib. İqtisadçı vurğulayıb ki, Rusiyanı strateji müttəfiq kimi göstərən Ermənistanın xarici siyasət doktrinasının rəsmi olaraq ləğv edilməməsi və hakim partiya nümayəndələrinin sərt bəyanatları və addımlarının buna ziddiyyət təşkil etməməsi lazımdır.

İqtisadçı Ağasi Tavadyan isə deyib ki, Ermənistan iqtisadi şaxələndirmədən danışsa da, mənzərə bunun əksini göstərir: “Ölkəmiz Rusiya da daxil olmaqla, AİB üzv dövlətləri ilə ticarət həcmini 5 və ya daha çox dəfə artırıb, Aİ üzv dövlətləri ilə isə ticarət həcmi 5 faiz azalıb. Siyasi bəyanatlardan asılı olmayaraq, hazırda Ermənistan Rusiya iqtisadiyyatı ilə 2018-ci ildəkindən daha sıx bağlıdır. Əgər bu gün həmin bazardan imtina etsəydik, bu, bizim üçün daha şok olardı. Məhdudiyyətlərə gəldikdə isə “Cermuk” seçildi, çünki Ermənistan brendidir və məsələn, kənd təsərrüfatı məhsulundan daha çox mediada səs-küy yaradacaq. Suyun son istifadə tarixi yoxdur, yəni istehsalçı böyük maliyyə itkisi yaşamayacaq, amma siyasi mesaj ötürüləcək. Buna iqtisadi baxımdan deyil, sırf siyasi baxımdan baxılmalıdır”, – deyə iqtisadçı qeyd edib.
Xatırladaq ki, Rusiya mağazalarının rəflərindən 338 min şüşə Ermənistan istehsalı olan “Cermuk” mineral suyu tək bir əmrlə bloklanıb. Satışın dayandırılması əmri Rusiya Federasiyasının “Çestnıy znak” dövlət etiketləmə sistemi tərəfindən Rospotrebnadzorun məktubu əsasında verilib.
Ermənistan Ticarət və Sənaye Palatasının məlumatına görə, “Cermuk Qrupu” 2024-cü il etibarilə Rusiya Federasiyasına hər il 15 milyon litrdən çox mineral su ixrac edir. 2001-ci ildə başlayan ixrac həcmləri ildən-ilə artmaqdadır. Şirkət həmçinin Ermənistanın 100 ən böyük vergi ödəyicisindən biridir. “Cermuk Qrupu” ilə bağlı bu hadisələr Rusiyanın Ermənistanın Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olduğu barədə sərt xəbərdarlıqlarından sonra baş verir.
Emil Salamoğlu
Musavat.com

