7 körpənin ölümü ilə nəticələnən yanğın işi – prokuror ağır cəzalar tələb etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Perinatal Mərkəzində baş vermiş və cəmiyyətə dərin sarsıntı yaşadan yanğınla bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə ağır cəzalar istəyib.
Prokurorun mövqeyinə görə, Mərkəzin direktoru Mehriban Abasquliyeva 8 il, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli isə hər biri 7 il müddətinə azadlıqdan məhrum edilməlidir. Dövlət ittihamçısı hər üç şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, həmçinin onların məhkəmə zalında həbs olunmasını təklif edib. İttiham tərəfinin çıxışından sonra müdafiə tərəfi vəkillərin çıxışa hazırlaşması üçün vaxt istəyib.
Növbəti proses mayın 6-na təyin olunub.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın 2024-cü il yanvarın 9-da inzibati binada baş verib.
Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Aparılan araşdırmalar zamanı məlum olub ki, yanğın Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin tərkibində fəaliyyət göstərən Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatalardan birində baş verib. Hadisə nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan başqa, müəssisəyə 361 min manat məbləğində maddi ziyan dəyib. İstintaqın gəldiyi nəticələrə əsasən, xüsusilə diqqət çəkən məqam Mehriban Abasquliyevanın direktor təyin olunduqdan sonra müəssisənin real imkanlarını nəzərə almadan xəstə qəbulunu iki dəfəyə qədər artırması olub. Bu qərarın elektrik təsərrüfatına düşən yükü kəskin şəkildə artırdığı, nəticədə isə sistemin yüklənərək yanğına səbəb olduğu ehtimal edilir.
E.Məmmədəliyev,
Musavat.com

