Cəmiyyət 

“İrandan məhsul axını dayanmır, amma qiymətlər qalxır” – Bazardan REPORTAJ

İran ətrafında baş verən gərginlik tam səngiməyib və regionda davam edən bu qeyri-müəyyənlik iqtisadi əlaqələrə də təsirsiz ötüşmür. Məlum olduğu kimi, Azərbaycan bazarı uzun illərdir İrandan idxal olunan məhsullarla, xüsusilə kənd təsərrüfatı məhsulları, quru meyvələr, ədviyyatlar və digər gündəlik tələbat malları ilə sıx bağlıdır. Bu baxımdan əsas sual yaranır: görəsən mövcud vəziyyət bazara necə təsir edir? İrandan gətirilən məhsulların miqdarında azalma varmı? Qiymətlərdə hansı dəyişikliklər müşahidə olunur – sabitlik qorunur, yoxsa artım var?

Məsələni yerində araşdırmaq üçün Musavat.com-un əməkdaşı olaraq paytaxtda İran məhsulları satılan bir neçə mağazaya baş çəkdik.

WhatsApp Image 2026-05-04 at 15.05.16.jpeg (312 KB)

Satıcılarla söhbət zamanı məlum oldu ki, ictimaiyyətdə formalaşan narahatlığa baxmayaraq, məhsul qıtlığı müşahidə edilmir. Satıcılardan biri vəziyyəti belə izah etdi:

“İranda baş verən gərginlik məhsulun miqdarına ciddi təsir etməyib. Bundan əvvəl nə qədər gətirilirdisə, indi də demək olar ki, o qədər gətirilir. Yəni azalma yoxdur, bazar əvvəlki kimidir”.

Onun sözlərini rəsmi statistika da təsdiqləyir. Belə ki, son 2-3 ayın göstəricilərinə əsasən, 2026-cı ilin yanvar-mart aylarında İrandan Azərbaycana idxal təxminən 166,7 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9-10 faiz artım deməkdir. Yəni faktiki olaraq məhsul axınında azalma yox, artım müşahidə olunur.

Bununla belə, satıcı qeyd etdi ki, İranda gərginlik pik həddə çatdığı dövrlərdə müəyyən texniki çətinliklər də yaşanıb. Xüsusilə sərhədlərin müvəqqəti bağlanması, sonradan yenidən açılması, eləcə də enerji və daşınma xərclərinin artması qiymətlərə dolayısı ilə təsir göstərib.

WhatsApp Image 2026-05-04 at 15.05.15.jpeg (301 KB)

“Ən çox qiymət artımı xurmada hiss olunur. Təxminən 1-2 manat bahalaşma var. Məsələn, əvvəllər sadə İran xurmasını 5 manata satırdıqsa, indi 6 manatdır. Keyfiyyətli, seçilmiş növlər əvvəl 6-7 manat idi, indi 8 manata qalxıb. Premium, qablaşdırılmış xurmalar isə artıq 9-10 manatdan başlayır, halbuki əvvəllər 8 manata satırdıq. Ümumilikdə, əvvəlki aylarla müqayisədə 1-2 manat civarında artım var”, – deyə satıcı bildirdi.

Satıcının sözlərinə görə, qiymət artımı bütün məhsullara eyni dərəcədə təsir etməyib:

“Əvvəldən qalan məhsulların qiyməti sabit qalıb. Amma yeni gətirilən mallarda, az da olsa, bahalaşma hiss olunur. Yəni artım daha çox son gətirilənlərə aiddir”.

Alıcılarla da həmsöhbət olduq. Onlar da qiymət artımını hiss etdiklərini, lakin bunun ciddi səviyyədə olmadığını dedilər:

“Bəzi məhsullarda 50 qəpik, bəzilərində 1 manat artım var. Amma ümumilikdə elə böyük fərq deyil. Bilirik ki, bu məhsullar İrandan gəlir. İran ədviyyatları, quru meyvələri keyfiyyət baxımından fərqlənir. Ona görə də həmişə bu məhsullara üstünlük veririk”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Daha çox xəbərlər