Günün fotosu – Atası var, atıb, anası var – anmır
Şəkildə gördüyünüz bu uşaqdan xəbəriniz var yəqin, Goradil qəsəbəsinin məzarlığında yatmış, tərk edilmiş, atılmış vəziyyətdə tapılıb, sığınacağa yerləşdirilib.
Bu gün xəbər yayılıb ki, onun valideynlərini, daha dəqiqi, bioloji cütləşmə yolu ilə bu yaraşıqlı, üz-gözündən pozitivlik yağan uşağı dünyaya gətirən kişi cinsindən olan vətəndaşla qadın cinsindən olan vətəndaş tapılıb.
Onların bu uşağı tərk etməkdə niyyətləri, məqsədləri, motivləri nə olub, hələ bilinmir. Ancaq dünyada heç bir səbəb qanı qanından, canı canından olan bu körpə məxluqu taleyin ümidinə buraxmaq üçün əsas deyil, ola bilməz.
Dünyada körpəsini müdafiəsiz qoyan, atıb qaçan heyvan yoxdur. Hamısı balasını bir mərhələyə (özü öz ruzisini əldə edənə) qədər qoruyur, himayə edir. Yırtıcı quşlar, vəhşilər belə övladlarını özləri öv edə bilənə qədər bəsləyir.

Bəs rəvadırmı hələ adını belə düz deyə bilməyən uşağı məzarlıqda atıb aradan çıxsınlar? Yəni insanın çölün yırtıcısı qədər şüuru, vicdanı, mərhəməti yoxdurmu? Normal ağıla sığan məsələ deyil.
Belə bir övladın sahibi olmaq üçün hər il İsrail, Türkiyə, Almaniya, Rusiya və İran kimi ölkələrdə müalicəyə gedən, on minlərlə dollar pul xərcləyən minlərlə adam var.
Sabah onlardan biri, övlad sahibi olmaqdan ötrü dodaqları dörd yerdən çatlayan bir cütlük irəli durub bu uşağı övladlığa götürmək istəsə, onu xaincəsinə tərk edən bioloji valideynlər nə tələblər irəli sürərlər, nə qədər pul istəyərlər, Allah bilir.
Dünyanın işidir, bu uşaq böyüyüb gələcəkdə məşhur idmançı, populyar müğənni, tanınmış aktyor, iş adamı, vəzifə yiyəsi olsa, 2 yaşındaykən onu tərk edənlər qapısına dayanar, möhürlü, imzalı sənəd göstərərlər ki, sənin əsl ata-anan bizik.
O zaman bu uşaq onlara “sizin uşağınız məscidin yanında ağlaya-ağlaya qaldı” deməzmi, desə, haqlı olmazmı? (Belə hallar olub və yenə də olacağı istisna deyil).
Vicdanın sonradan sızlaması boş söhbətdir. Bu uşağı atanlarda vicdan olsaydı, bu gün onun şəkli mediada tirajlanmazdı.
P.S. Yazının başlığı mərhum şairimiz Məmməd İsmayılın bir şeirindəndir. Şair ahıl vaxtlarında belə bir misra qələmə almışdı: “Atam yoxdur, ata, anam yoxdur – ana”.
Musavat.com

