Perinatal Mərkəzdəki yanğın işi – Prokuror ağır cəza istədi, vəkillər isə…
Respublika Perinatal Mərkəzində baş vermiş və 7 körpənin ölümü ilə nəticələnmiş dəhşətli yanğın hadisəsi üzrə cinayət işi çərçivəsində növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin cinayət işinə baxılıb.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri hələlik çıxışa hazır olmadıqlarını bəyan ediblər. Onlar müdafiə nitqini tamamlamaq və son hazırlıqları görmək üçün hakimdən əlavə vaxt istəyiblər. Hakim Leyla Əsgərova-Məmmədova vəkillərin vəsatətini təmin edərək onlara çıxışa hazırlaşmaq üçün daha bir həftə vaxt verib. Məhkəmənin növbəti prosesi mayın 13-nə təyin edilib.
Qeyd edək ki, bundan əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində kifayət qədər ağır cəzalar tələb edib. Prokuror Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədlinin 7 il, Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını istəyib. Eyni zamanda, dövlət ittihamçısı hər üç şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini və onların məhkəmə zalındaca dərhal həbs olunmasını təklif edib. Xatırladaq ki, Respublika Perinatal Mərkəzinin inzibati binasında dəhşətli yanğın hadisəsi 2024-cü il yanvarın 9-da qeydə alınıb. Hadisədən dərhal sonra Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb. Yanğın mərkəzin dördüncü mərtəbəsində, Yenidoğulmuşların intensiv terapiya bölməsində yerləşən palatada baş verib.
Faciə nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanğın həmçinin tibb müəssisəsinə ümumilikdə 361 min manat məbləğində külli miqdarda maddi ziyan vurub. İstintaq sənədlərinə görə, yanğının baş verməsinə əsas səbəblərdən biri idarəetmədəki ciddi nöqsanlar olub. Belə ki, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə mərkəzə direktor təyin olunmasından sonra, müəssisənin real tibbi təminat resursları, texniki potensialı və imkanları nəzərə alınmadan xəstə qəbulunun sayı süni şəkildə iki dəfəyədək artırılıb. Nəticədə binanın elektrik təsərrüfatı ifrat dərəcədə yüklənib və bu da sonda bədbəxt hadisəyə – qısaqapanma və alova səbəb olub. Məhkəmə prosesi mayın 13-də vəkillərin müdafiə çıxışları ilə davam edəcək.
E.Məmmədəliyev,
Musavat.com

