Qəbiristanlıqda ölümə tərk edilən uşaqla bağlı YENİ ŞOK faktlar – “Nə qədər vicdansız olasan ki…”
Abşeronda qəbiristanlığın yaxınlığında tapılan 2 yaşlı uşağın atasının da kimliyi müəyyən edilib.
Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, artıq uşağın atası ilə də əlaqə saxlanılıb və sabah həmin şəxslə bağlı araşdırma aparılacaq, söhbət ediləcək.
Azərbaycan Uşaqlar Birliyinin sədri uşağın anası və ailəsi ilə bağlı son dərəcə ağır və şok detallar açıqlayıb. O bildirib ki, uşağın anası öz övladından rəsmi şəkildə imtina edib və bu müddət ərzində nümayiş etdirdiyi davranışlar ciddi şübhələr yaradıb: “Uşağın anası özü övladından imtina etdi. Ondan soruşduq ki, uşağı niyə qəbiristanlıqda ölümə tərk etmisən? O isə çox rahat şəkildə cavab verdi ki, baxa bilmirəm. Dedik ki, əgər uşağa baxmaq imkanın yox idisə, aidiyyəti qurumlara müraciət edə bilərdin, uşağı uşaq müəssisələrinə təhvil verə bilərdin. Amma gah dedi filan yerə müraciət etmişəm, gah dedi başqa yerə getmişəm. Suallar verdikcə məlum oldu ki, söylədiklərinin heç biri təsdiqini tapmır”.

Kəmalə Ağazadəyə görə, hadisə təsadüfi deyil və uşağın məqsədli şəkildə qəbiristanlıq ərazisində ölümə tərk edildiyi ehtimalı yaranır: “Belə görünürdü ki, uşağı bilərəkdən qəbiristanlıqda qoyub ölümə tərk edib. Bizim izləyicilərdən biri həmin qadını tanıdığını dedi və anası ilə yazışmaları bizə təqdim etdi. Yazışmalarda qeyd olunurdu ki, qadının bundan əvvəl də bir uşağı olub və həmin uşaq 6 aylıq olarkən çimizdirilib yatırıldıqdan sonra qəfil ölüb. Bu məlumatlar əlbəttə ki, araşdırılmalıdır”.
Qurum sədrinin dediyinə görə, ananın davranışları xüsusilə diqqət çəkib. Belə ki, o, saatlarla davam edən söhbət zamanı bir dəfə də olsun uşağın vəziyyəti ilə maraqlanmayıb: “Şəxsən mənim üçün qadının hər danışığı şübhəli görünürdü. Çünki bizim qurumda olduğu 1 saat müddətində bir dəfə də olsun soruşmadı ki, uşaq haradadır, vəziyyəti necədir, onu görə bilərəmmi? Heç bir kəlmə belə demədi. Mən ona dedim ki, sən heç düşünürsənmi, uşağı qəbiristanlıqda itlər parçalaya bilərdi, heyvanlar toxuna bilərdi? Həmin ərazilərdə çaqqallar var. Bunları deyəndə adamın tükləri biz-biz olurdu. Nə qədər vicdansız olmaq lazımdır ki, körpəni qəbiristanlıqda yatırıb, sonra da onu ölümə tərk edib, rahat şəkildə gedəsən. Uşaq gecəni qəbiristanlıqda keçirib. O, səhərə yaxın polis əməkdaşları tərəfindən aşkarlanıb”.
Kəmalə Ağazadə uşağın bədənində ciddi xəsarət izlərinin olduğunu da bildirib. Qurum sədri qeyd edib ki, uşaq tibbi ekspertizadan keçirilib və ilkin baxış zamanı qarın nahiyəsində dərin kəsik izi aşkarlanıb: “Uşağın qarın nahiyəsində dərin kəsik izi var. Anasından soruşduq ki, bu nə izdir? Gah dedi stola sürtünüb, gah dedi qonşuda qalıb, bəlkə orada olub və sairə. Amma iz yara deyil, daha çox bıçaq xəsarətinə bənzəyir. Təxminən 7-8 santimetrlik dərin izdir. Ekspertizadan bildirilib ki, bu xəsarət təxminən 6 ay əvvəl baş vermiş ola bilər. Ehtimal edilir ki, bu, bıçaq zədəsidir”.
Xalidə Gəray.
Musavat.com

