Uğursuz və yararsız Minsk qrupunun fiaskosu – ŞƏRH
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində birbaşa Ermənistan dövlətinin himayəsi ilə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, ATƏT-in Minsk qrupu bu sənədlərin icrası üçün effektiv mexanizm formalaşdırmadı, vasitəçilik missiyası isə formal xarakter daşıyan və status-kvonu dəyişməz saxlayan fəaliyyətlə məhdudlaşdı. Həmsədrlər münaqişənin hərbi həllinin olmamasını iddia edirdilər. Hətta onlar o qədər harınlamışdılar ki, Ermənistanla birlikdə “Şimali Qarabağ” termini ortaya atmışdılar. Bununla da onlar mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Azərbaycan, onun Lideri İlham Əliyev isə bununla barışmadı. Öz suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxdı. Buna görə ölkəmizə qarşı güclü təzyiqlər də oldu.
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bir daha bu barədə söz açıb. Bildirib ki, o ölkələr sıradan olan ölkələr deyildi, onlar nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr idi: “Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı”. Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Amma Azərbaycan öz siyasi iradəsi ilə onları susdurdu. Hətta avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşdən sonra ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının (ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) bağlanmasına da nail oldu. ATƏT-in Minsk qrupunun və onunla bağlı bütün strukturların ləğvi qərarı, əslində, çoxdan yetişmiş bir siyasi reallığın institusional təsdiqi kimi dəyərləndirmək olar. Şübhəsiz, ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycan diplomatiyasının ciddi uğurlarından biri kimi qəbul edilməlidir. Maraqlısı odur ki, Minsk qrupunun ləğvi nə Vaşinqton, nə Paris, nə də Moskvada heç bir geosiyasi mübahisə yaratmadı. Çünki Azərbaycan buna beynəlxalq hüquq normaları çərçivəsində nail olmuşdu.
Xatırladaq ki, 44 günlük müharibədən sonra, daha doğrusu, 12 dekabr 2020-ci ildə Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki Prezident İlham Əliyevin qəbuluna gəlmişdilər. “Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”, – demişdi. Elə həmin görüşdə Prezident 30 ilə yaxın heç bir müsbət addımı ilə yadda qalmayan, ancaq “turizm diplomatiyası”na “töhfə” verən çağırılmamış qonaqlara tarixi dərs vermişdi. Belə ki, həmin görüşdə dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni özü həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.”
Yeri gəlmişkən, 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış Minsk qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün beynəlxalq mandata malik olsa da, onun fəaliyyəti real nəticə verməmiş, proses isə faydasız görüşlər və formal bəyanatlarla məhdudlaşmışdı. Belə ki, həmsədrlər münaqişəni həll etmək əvəzinə dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edir, Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurla və 2023-cü ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror əməliyyatı ilə suverenliyinə nail oldu. Yəni Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoydu. Bu proseslərdə Minsk qrupunun mandatı faktiki olaraq əhəmiyyət kəsb etməmiş və o qurum iflic vəziyyətinə düşmüşdü. Odur ki, Azərbaycan dəfələrlə bu mexanizmin yararsız olduğunu və artıq fəaliyyətinə ehtiyac duyulmadığını dəfələrlə bəyan etmişdi.
Qvami Məhəbbətoğlu, “İki sahil”

