Siyasət 

Diplomatlarla bağlı mühüm yeniliklər

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir. Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan başqa, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin də tətbiqi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və əlavələri “Dövlət qulluğu haqqında” qanunun müvafiq maddəsində müəyyən edilən şərtlərə uyğun formalaşdırılacaq. Xidməti fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməyinin ödənişi diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla müəyyən ediləcək. Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər diplomatik vəzifədə müvəqqəti çalışan şəxslərin aylıq maaşı həmin vəzifənin birinci ödəniş pilləsi üzrə maaşın 50 faizi həcmində müəyyən ediləcək.

Qanun layihəsində pensiya yaşına çatdığına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir. Belə ki, diplomatik xidmət orqanı əməkdaşına diplomatik xidmətdə son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik haqq veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq.

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər