“Maaş gecikir, bir az da vaxt verin…” – Lombardların GERÇƏK üzüREPORTAJ
Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi bazanın hazırlanması yenidən gündəmə gəlib. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, lombard fəaliyyəti ilə bağlı normativ-hüquqi baza hazırda razılaşdırılma mərhələsindədir və yaxın gələcəkdə bu sahəyə də tənzimləmə gətiriləcək.
Uzun illərdir ekspertlər lombard sektorundakı əsas problemlərdən danışırlar: girovların real bazar qiymətindən aşağı qiymətləndirilməsi, yüksək faizlər, qeyri-şəffaf şərtlər və vətəndaşların çıxılmaz vəziyyətdə seçim qarşısında qalması…
Musavat.com əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün paytaxtdakı bir neçə lombarda baş çəkib.
Qara Qarayev metrosunun çıxışında iri hərflərlə yazılmış “LOMBARD” sözü uzaqdan diqqət çəkir. İçəri daxil olan kimi adam qəribə ab-havaya düşür. Dar otaq, dəmir seyflər, masaların üzərində tərəzilər, vitrində qızıllar… Burada zaman sanki başqa cür işləyir.
İçəridə iki qadın və bir kişi müştəriləri qəbul edirdi. Hamısı qara geyimdə idi. Qadınlardan birinin qalın tatuajlı qaşları, kişinin isə keçəl başı və uzun saqqalı vardı. Elə bil köhnə seriallardan çıxmış sələmçi obrazları idi. Telefon zəngləri bir-birini əvəzləyirdi. Kimisi faiz soruşur, kimisi vaxt istəyirdi.
Yaxınlaşıb lombardın şərtləri ilə maraqlandığımızı deyirik.
– Nələri girov götürürsünüz?
Qara geyimli kişi stulda arxaya söykənib sakit səslə cavab verir:
– Əsasən qızıl və avtomobil. Maşın qoyan da çox olur.
Maşınımız olmadığı üçün qulaqdakı sırğanı çıxarıb qadına uzadırıq. Qadın onu tərəzinin üstünə qoyur, diqqətlə baxır.
– Məsələn, bunu qoysam, nə qədər pul düşər?
Qadın kalkulyatora baxmadan cavab verir:
– 100 manata görə 5 manat faiz hesablanır. Təxminən 240 manat düşər, aylıq da 12 manat faiz.
Sırğaya baxıb etiraz edirik:
– Mən bunu Türkiyədən 350 manata almışam. Deyirlər lombardda qiyməti çox aşağı salırlar…
Qadın gülümsəyir:
-Elə deyil. “Lom” qiyməti var, bir də satış qiyməti. Məsələn, bu gün lom 140 manatdırsa, arada 5-6 manat fərq çıxılır. Ona uyğun hesablanır.
Sonra qaydaları izah etməyə başlayır:
– İstəsəniz təkcə faizi ödəyərsiniz, istəsəniz əsas məbləği də hissə-hissə bağlayarsınız. Məbləğ azaldıqca faiz də düşür.
– Yəni bank krediti kimi?
– Demək olar, bəli. Hər ay ödəniş olunur. Şəxsiyyət vəsiqəsi kifayətdir. Qızılı burada saxlayırıq, sizə də qəbz verilir. Siz arxayın olursunuz ki, girov bizdədir, biz də arxayın oluruq ki, müştərimiz var.
Ən maraqlı cavab isə girovun satışa çıxarılması ilə bağlı olur.
– Müştəri gecikdirsə, nə vaxt satışa çıxarırsınız?
Qadın bu dəfə bir qədər ciddi səslə cavab verir:
– Adətən 1 ay 10 gün gözləyirik. Zəng edirik, mesaj yazırıq. Adam deyir “bir gün də vaxt verin”, “sabah gələcəm”. Çalışırıq nəzərə alaq. Amma müqavilədə hər şey yazılır. Ödəniş olmazsa, xəbərdarlıq mesajı göndərilir və girov satışa çıxarıla bilər.
Söhbət etdiyimiz anda içəri orta yaşlı bir kişi daxil olur. Əlində köhnə model telefon, sifətində yorğunluq var. Cibindən bükülmüş qəbz çıxarıb masaya qoyur.
– Bacı, bir həftə də vaxt verin. Maaş gecikir…
Qadın kompüterə baxır:
– İki aydır uzanır. Faiz də yığılır.
Kişi səsini alçaldır:
– Uşağın xərcinə getdi. Ayın axırı bağlayacam. Satmayın, xahiş edirəm…
Bir neçə saniyəlik otaqda sükut yaranır. Qadın dərin nəfəs alıb cavab verir:
-Yaxşı, bir həftə də gözləyərik. Amma gecikdirməyin.
Bu kiçik dialoq lombardların əsl mənzərəsini açıq göstərir. Bura sadəcə qızıl qoyulan yer deyil. Bəzən insanların son çıxış yolu, sıxıntı anında “nəfəs dərmək” üçün üz tutduğu ünvandır.
Digər lombardlara baş çəkəndə də oxşar mənzərə ilə qarşılaşırıq. Diqqət çəkən əsas məqamlardan biri isə lombardların əksəriyyətinin metro çıxışlarında yerləşməsi idi. Bu da təsadüfi görünmür. İnsan axınının çox olduğu yerlərdə lombardların sıralanması bu xidmətə tələbin kifayət qədər yüksək olduğunu göstərir.
Baş çəkdiyimiz başqa bir lombardda isə şərtlər fərqli idi. Burada sırğanı göstərən kimi ilk sual belə oldu:
– Nə qədər pul lazımdır sizə?
Qiyməti soruşuruq.
– Bizdə 100 manata 10 manat faizdir. Qızılı 10 faizlə götürürük, elektronikanı isə 20 faizlə. Paltaryuyan, soyuducu da qəbul edirik.
Buradakı əməkdaş da etiraf edir ki, son illər müraciət edənlərin sayı artıb:
– Borcu çoxalanlar gəlir. Adamlar çıxış yolu tapa bilmirlər.
Başqa bir lombardda isə qızıl üçün 100 manata 15 manat faiz hesablandığını deyirlər. Yəni eyni girov üçün müxtəlif ünvanlarda fərqli şərtlər təklif olunur. Görünən odur ki, lombard bazarında vahid qayda və standartların olmaması həm qiymətləndirmədə, həm də faiz siyasətində ciddi fərqlər yaradır.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com




