Gündəm 

Hörmüz BÖHRANI dünyanı silkələyir, Azərbaycan isə… – İlham Əliyev AMİLİ

Dünyanın müxtəlif bölgələrində alovlanan müharibələr, dərinləşən siyasi qarşıdurmalar və qlobal iqtisadi böhran təhlükəsi beynəlxalq birliyi ciddi narahat edir. İran-İsrail-ABŞ xəttində artan gərginlik artıq təkcə regionun deyil, bütün dünyanın iqtisadi təhlükəsizliyinə təsir göstərməkdədir.

Xüsusilə dünya neftinin təxminən 20 faizinin daşındığı Hörmüz boğazı ətrafında yaranan risklər enerji bazarlarını silkələyib, ərzaq və gündəlik tələbat məhsullarının qiymətində bahalaşma sürətləndirib. Şübhəsiz ki, Yaxın Şərqdə mümkün yeni müharibə dünya iqtisadiyyatında yeni sarsıntılara səbəb ola bilər.

Belə bir mürəkkəb və təhlükəli beynəlxalq şəraitdə Prezident İlham Əliyevin Zəngilan rayonundakı çıxışı xüsusi diqqət çəkir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq və təhlükəsizlik təsadüfi deyil. Bu, illərlə aparılan düşünülmüş siyasətin, güclü dövlət idarəçiliyinin və milli maraqlara söykənən strategiyanın nəticəsidir. Məhz İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan həm qalib dövlətə çevrilib, həm də regionun ən sabit və təhlükəsiz ölkələrindən biri kimi öz mövqeyini möhkəmləndirib.

Qlobal xaosun dərinləşdiyi, iqtisadi böhran risklərinin artdığı bir dövrdə Azərbaycanda vətəndaşların təhlükəsizlik şəraitində yaşaması, iqtisadi dayanıqlığın qorunması və sosial sabitliyin təmin olunması ölkə Prezidentin uğurlu idarəçilik modelinin ən mühüm göstəricilərindən biridir…

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a bildirdi ki, hazırda dünya təhlükəli və mürəkkəb mərhələdən keçir: “Hörmüz boğazı ətrafında yaranmış vəziyyət qlobal iqtisadiyyat üçün böyük təhlükə siqnalıdır. Təsadüfi deyil ki, dünya enerji daşımalarının mühüm hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir. Bu gün beynəlxalq bazarlarda baş verən qiymət artımı, ərzaq və gündəlik tələbat məhsullarında müşahidə olunan bahalaşma artıq qlobal böhranın ilkin əlamətləri kimi görünməkdədir.

Belə çətin zamanda cənab Prezident İlham Əliyevin Zəngilana növbəti səfəri zamanı səsləndirdiyi fikirlər xüsusi strateji məna daşıyır. Azərbaycanda formalaşmış sabitlik və təhlükəsizlik dövlət başçımız İlham Əliyevin apardığı uzaqgörən siyasətin, milli maraqlara söykənən dövlət idarəçiliyinin və güclü lider amilinin təzahürüdür. Bu gün dünyanın müxtəlif ölkələrində insanlar müharibə, xaos, iqtisadi böhran və təhlükəsizlik qorxusu içində yaşayırsa, Azərbaycan vətəndaşı ölkəmizdə sabitlik və əmin-amanlıq şəraitində yaşayır. Bütün bunlar ölkə rəhbərimizin həyata keçirdiyi siyasətin nəticəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan regionun güclü dövləti, təhlükəsizlik adasıdır: “Dövlətimizin apardığı balanslı xarici siyasət, milli maraqları üstün tutan qətiyyətli mövqe və daxildə qorunan siyasi sabitlik bu gün ölkəmizin ən böyük üstünlüklərindəndir. Məhz sözügedən siyasətin nəticəsində Azərbaycan suverenliyini tam təmin etdi, bölgədə yeni geosiyasi reallıq yaratdı. Ölkəmizdə böyük quruculuq layihələri həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yeni şəhərlər və kəndlər salınır. Zəngilan bu baxımdan xüsusi simvolik məna daşıyır. Bir vaxtlar işğal altında qalan torpaqlarda bu gün həyat yenidən qurulur, insanların təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilir. Şahidi olduğumuz inkişaf güclü dövlət modelinin və prinsipial liderliyin nəticəsidir.

Möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan mürəkkəb beynəlxalq şəraitdə milli maraqlarını qorumağı, iqtisadi dayanıqlığını təmin etməyi və vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə saxlamağı bacaran nadir ölkələrdəndir. Xalqımızın nümayiş etdirdiyi birlik cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin göstəricisidir”.

Cavanşir ABBASLI,
Musavat.com

Daha çox xəbərlər