İlahiyyatçıdan qiymət artıranlara ETİRAZ: “Uşaqları qurban sevincindən məhrum etməyin”
Qurban bayramına sayılı günlər qaldıqca heyvan bazarlarında və ət satış məntəqələrində qiymət artımı daha qabarıq hiss olunmağa başlayıb. Vətəndaşların sözlərinə görə, bir neçə həftə əvvəl 250-300 manata təklif olunan qurbanlıq qoyunların qiyməti artıq 350-450 manata qədər yüksəlib. Bazarda yaranan vəziyyət isə bir çoxlarında narazılıq doğurur. Alıcılar hesab edirlər ki, bəzi satıcılar bayram ərəfəsində yaranan tələbatdan istifadə edərək süni qiymət artımına gedirlər.
Halbuki Qurban bayramı paylaşmaq, yardımlaşmaq və ehtiyacı olan insanlara dəstək olmaq kimi mənəvi dəyərləri özündə birləşdirən dini mərasimlərdən biridir. Belə bir vaxtda insanların dini hisslərindən və ibadət ehtiyacından istifadə edilərək qiymətlərin qaldırılması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.
Bəs dinimizdə qəsdən süni qiymət artımı yaratmağa, insanların ibadətini qazanc fürsətinə çevirməyə necə baxılır?
İlahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Qurban bayramı insanın Allahla münasibətini, cəmiyyətlə əlaqəsini göstərən mənəvi məktəbdir. Qurban “kəsmək”dən əvvəl “yaxınlaşmaq” mənası daşıyır. Qurani-Kərimdə buyurulur ki, “Allaha nə onların əti çatar, nə də qanı. Allaha çatan yalnız sizin təqvanızdır”. Deməli, qurbanın əsasında xalis niyyət dayanır.
Bu gün təəssüf ki, bəzi insanlar qurbanın ruhundan çox bazarını düşünürlər. Bayram yaxınlaşan kimi heyvan bazarlarında qiymətlərin süni şəkildə artırılması, insanların dini hisslərindən maddi qazanc üçün istifadə edilməsi müşahidə olunur.
Qurban ibadəti əslində Həcc mərasimində xüsusi hökm kimi vacib buyurulmuş ibadətdir. Həccdə olmayan müsəlmanların qurban kəsməsi isə böyük savab və tövsiyə olunan əməldir. Məqsəd kasıbın süfrəsinə ruzi çatdırmaq, paylaşma ruhunu yaşatmaq və insanın Allah yolunda fədakarlıq hissini gücləndirməkdir. Buna görə də qurban əti ticarət predmetinə çevrilməməlidir. Qurban əti satılmaz. Pul qarşılığında sırf qazanc məqsədilə təqdim olunan ət “qurbanın ruhunu” daşımır. Çünki burada əsas olan ibadət niyyəti və paylaşmaqdır”.
İlahiyyatçı qeyd edib ki, bu gün bəzi ailələr sırf qiymətlərin həddən artıq baha olması səbəbindən övladına qurban sevinci yaşada bilmir:”Halbuki İslamın məqsədi insanı çətinliyə salmaq deyil. Din mərhəmət dinidir. Peyğəmbər (s) buyururdu ki, “İnsanlara rəhm etməyənə Allah da rəhm etməz”.
Əsl qurban odur ki, insan bir heyvanla birlikdə daxilindəki tamahı, eqoizmi və acgözlüyü də qurban versin. Əgər qurban bayramı bizi mərhəmətli, paylaşan və vicdanlı etmirsə, deməli biz hələ də bu ibadətin fəlsəfəsini tam anlaya bilməmişik. Qurban Allah üçün edilir. Allah adına edilən işdə isə ilk şərt vicdan olmalıdır. Allah-Təala kəsilmiş və kəsiləcək qurbanları qəbul etsin”.
Afaq Mirayiq,
Musavat.com

