Azərbaycan BMT tarixində yeni iz qoyur – VACİB DETALLAR
“Azərbaycanın son illərdə yürütdüyü aktiv xarici siyasət, irəli sürdüyü qlobal miqyaslı təşəbbüslər və ölkə daxilində icra olunan strateji layihələr ölkəmizin beynəlxalq müstəvidəki artan nüfuzunu, qlobal proseslərdə yüksələn rolunu və əhəmiyyətini dolğun şəkildə əks etdirir. Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə bu gün baş tutmuş görüşü Azərbaycanın artıq sadəcə regional lider deyil, həm də qlobal gündəliyi müəyyən edən beynəlxalq platforma olduğunu göstərdi”.
Bu sözləri Musavat.com-a Azərbaycan parlamentinin üzvü Kamran Bayramov söyləyib.

Deputatın sözlərinə görə, görüşdə qeyd olunmuş COP29 və Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi nəhəng tədbirlərin ardıcıllığı da təsadüfi xarakter daşımır:
“BMT kimi ali bir təşkilatın ən mötəbər tədbirlərini Bakıya etibar etməsi Azərbaycanın güclü logistik, təşkilati və təhlükəsizlik potensialına olan qlobal inamın birbaşa təsdiqidir. Bununla yanaşı, bu status ölkəyə dünya siyasətində iqtisadi və siyasi çəkisini artırmaqla yanaşı, qlobal qərarların qəbulu prosesində fəal iştirak imkanı yaradır. Ən diqqətçəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətin qlobal miqyasda “nümunəvi model” kimi qəbul edilməsidir. Belə ki, Azərbaycan müharibədən zərər çəkmiş ərazilərin bərpasında klassik metodlardan deyil, ən müasir trendlərdən istifadə edir. Azad olunmuş şəhər və kəndlərdə tətbiq edilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları sıfırdan qurulan yaşıl və rəqəmsal ekosistemlərdir. Bu yanaşma postmünaqişə zonalarının reabilitasiyası ilə məşğul olan digər dünya ölkələri üçün unikal və praktik örnək, yəni “Azərbaycan brendi” formalaşdırır.
Ümumiyyətlə, görüşdə COP (İqlim dəyişikliyi) və WUF (Şəhərsalma) platformaları arasında strateji əlaqənin vurğulanması da olduqca dərindən düşünülmüş diplomatiya gedişidir”.

Kamran Bayramov onu da diqqətə çatdırıb ki, müasir dünyada karbon qazı emissiyalarının böyük hissəsi məhz şəhərlərin payına düşür:
“Buna görə də dayanıqlı şəhərsalma olmadan iqlim böhranı ilə mübarizə aparmaq qeyri-mümkündür. Bakı isə bu iki qlobal problemi eyni masa arxasında birləşdirməklə, iqlim gündəliyi ilə urbanizasiya siyasətinin kəsişməsində innovativ və vahid platforma təklif edir.
Azərbaycan Reapublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu və “Bakı standartları” görüşün ən praktiki və gələcəyə yönəlmiş nəticəsidir. Azərbaycan artıq sadəcə tədbirə evsahibliyi edən tərəf deyil, həm də gələcək forumların idarəetmə metodologiyasını hazırlayan müəllif rolunda çıxış edir. “Bakı standartları” isə beynəlxalq tədbirlərin operativ idarə olunması və təşkilati səmərəliliyin artırılması üçün vahid qlobal reqlamentə çevrilir ki, bu da Azərbaycanın adını BMT-nin institusional tarixinə birdəfəlik həkk edir. Azərbaycanın beynəlxalq arenada uğurları onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizi lokal çərçivədən çıxararaq qlobal arxitekturada əhəmiyyətli aktora çevirib. Bakıda keçiriləcək WUF13 forumu və imzalanan sənədlər ölkəmizin həm yaşıl, ağıllı şəhərsalma sahəsindəki praktiki uğurlarının (xüsusilə Qarabağda), həm də qlobal miqyasda mühüm idarəetmə standartları formalaşdırmaq qabiliyyətinin göstəricisi kimi qəbul oluna bilər”.

Cavanşir ABBASLI
Musavat.com

