Kobaxidzedən sensasion bəyanat: Paşinyanın gizli etirafını canlı efirdə açıqladı
Cənubi Qafqazda regional tarazlıqları və xarici güclərin pərdəarxası oyunlarını alt-üst edəcək növbəti sensasion bəyanat Gürcüstan rəhbərliyindən gəlib. Rəsmi Tiflis Qərb dairələrinin region ölkələri arasında nifaq salmaq cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi LIVE” telekanalının canlı efirində Brüsseldəki müəyyən dairələrin Gürcüstan və Ermənistana qarşı fərqli və ikili yanaşması ilə bağlı şok açıqlamalar verib. Baş nazir xarici güclərin Gürcüstanı Ermənistanla müqayisə edərək qarşı-qarşıya qoymaq cəhdlərinə kəskin reaksiya verib.
“Ermənistanla müqayisəyə gəlincə, bu, bizim üçün bir qədər narahat mövzudur. Çünki biz qonşuyuq, çox mehriban münasibətlərimiz və strateji tərəfdaşlığımız var. Buna əsaslanaraq, özümüzü Ermənistanla müqayisə etmək bizim tərəfimizdən düzgün olmazdı. Amma ümumilikdə, həm yerli agenturanın, həm də onların xaricdəki himayədarlarının bizi Ermənistanla qarşı-qarşıya qoymaq cəhdlərini görürük. Bu çirkin cəhdlərin heç bir aspektdə və heç bir istiqamətdə uğuru olmayacaq”,-deyə Kobaxidze bəyan edib.
Canlı efirdə diqqətçəkən digər məqam isə Kobaxidzenin Ermənistan baş naziri Nikol Paşinyanla bağlı verdiyi eksklüziv məlumat olub. O, Gürcüstana xüsusi münasibət göstərdiyi üçün Paşinyana təşəkkür edib və onun gizli bir etirafını ictimaiyyətə açıqlayıb: “Paşinyan hətta açıq şəkildə bildirdi ki, Gürcüstan olmasaydı, Ermənistanın Avropaya inteqrasiyasından danışmaq belə qeyri-mümkün olardı”.
Bu bəyanat Ermənistanın xarici siyasətdə tamamilə Gürcüstandan asılı olduğunu növbəti dəfə təsdiqləyib.

