Azərbaycan Avropa Parlamentini ikiyə bölür
Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər.
Musavat.com xəbər verir ki, Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin AP ilə əməkdaşlığı dayandırmaq və “Avronest”dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.
Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Aİ-nin və AP-nin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub. Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub.

O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. Terheş birbaşa AP-ni ittiham edib ki, qurum Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib:
“Bu parlament (Avropa Parlamenti) Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu, tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi”.
Digər deputatlar da AP-ni Azərbaycanla bağlı yanlış siyasi xətt yürütməkdə ittiham ediblər və səhv siyasətin düzəldilməsinin vacibliyini bildiriblər. Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Aİ-nin və AP-nin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub.
Siyasi analitiklər hesab edir ki, Avropa Parlamenti deputatlarının bu mövqeyi Azərbaycan dövlətinin, o cümlədən Azərbaycan Milli Məclisinin Avropa Parlamenti və “Avronest”lə bağlı bu yaxınlarda ortaya qoyduğu mövqenin tamamilə haqlı olduğunun növbəti təsdiqidir. AP deputatlarının qurumun Azərbaycanla bağlı siyasətini sərt tənqid edib sanki üsyana qalxması Azərbaycanın milli maraqlara söykənən iradəsinin nəticəsidir. AP-də səslənən bu fikirlər, xüsusilə də bəzi deputatların açıq şəkildə Brüsselin siyasətini tənqid etməsi Azərbaycanın son dövrlərdə nümayiş etdirdiyi suveren xəttin Avropa siyasi dairələrində diqqətlə izlənildiyini göstərir. Azərbaycan artıq uzun müddətdir ki, Avropa Parlamenti ilə münasibətlərdə selektiv yanaşmadan, ikili standartlardan və siyasi təzyiq ritorikasından narazılığını ifadə edirdi.
Rəsmi Bakı hesab edir ki, AP bir sıra hallarda regiondakı reallıqları nəzərə almadan, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərində balanslı vasitəçi deyil, tərəf kimi çıxış edib. “Avronest”dən çıxmaq və əməkdaşlığı dondurmaq qərarı da məhz bu narazılığın siyasi forması idi. İndi AP-nin daxilində bəzi deputatların “bu siyasət əks nəticə verdi” deməsi dolayısı ilə Bakının irəli sürdüyü arqumentlərin müəyyən dairələrdə qəbul edilməyə başladığını göstərir.
Xüsusilə Kristian Terheș kimi deputatların çıxışları onu göstərir ki, Avropada artıq müəyyən siyasi qruplar Cənubi Qafqaza yalnız ideoloji prizma ilə yanaşmanın uğursuzluğunu anlayırlar. Onların mesajı budur ki, əgər Aİ regionda real təsir sahibi olmaq istəyirsə, o zaman tərəfdaş dövlətlərlə münasibətdə yalnız təzyiq dili deyil, qarşılıqlı maraq və geosiyasi realizm dili də işləməlidir.
Avropa Parlamenti daxilində bir qrup deputat Bakıya qarşı sərt xəttin davamını istəyir. Digər qrup isə hesab edir ki, enerji təhlükəsizliyi, Orta Dəhliz, Cənubi Qafqazın geosiyasi əhəmiyyəti və regional sabitlik fonunda Azərbaycanla körpüləri yandırmaq Aİ-nin strateji maraqlarına ziddir. Hazırda ikinci yanaşmanın səsi daha çox eşidilməyə başlayıb. Bu baxımdan deputatların çıxışlarını Azərbaycanın milli maraqlara söykənən siyasətinin nəticəsi kimi qiymətləndirmək mümkündür. Xüsusilə enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərində Azərbaycanın artan strateji çəkisi Avropa daxilində də yanaşmaları dəyişməyə başlayır. Məhz buna görə AP-də artıq “Azərbaycanı itirməyək” xəttini müdafiə edən səslər yüksəlir.
Etibar Seyidağa,
Musavat.com

